“Yalan Melumatlarin Ifsasi: Dezinformasiyaya qarsi mubarize” movzusunda kecirilen 2-ci Susa Qlobal Media Forumu basa catib

“Yalan Məlumatların İfşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda keçirilən 2-ci Şuşa Qlobal Media Forumu başa çatıb

İyulun 20-22-də “Yalan Məlumatların İfşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda keçirilən 2-ci Şuşa Qlobal Media Forumu başa çatıb. Foruma bu il 50-ə yaxın ölkədən 150-dən çox xarici qonaq, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumu  qatılıb.

Forumun bağlanış nitqini edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov qonaqların diqqətinə çatdırıb ki, 3 gün ərzində davam edən Şuşa Qlobal Media Forumu məhsuldar keçib, media nümayəndələri arasında yeni dostluqlar yaranıb. “İnanıram ki, bu əlaqələr həm effektiv, həm də uzunmüddətli olacaq. Panel müzakirələrin faydalı olduğuna və Şuşadan müsbət təəssüratlarla ayrılacağınıza ümid edirik.”- deyə Əhməd İsmayılov qeyd edib.

COP29-un BMT-nin İqlim dəyişikliyi üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai bildirib ki, bu forum bizim bir araya gələrək geniş yayılmış dezinformasiya problemini həll etmək üçün mühüm pıatforma oldu. Vurğulayıb ki, müzakirələr və fikir mübadiləsi vasitəsilə dezinformasiyanın cəmiyyətimizə necə dərindən təsir etdiyini anladıq.

Medianın iqlim fəaliyyətindəki rolunu qiymətləndirən Nigar Arpadarai qeyd edib ki, bu sahədə maarifləndirmə, mesajların ötürülməsi baxımından medianın rolu olduqca önəmlidir. Effektiv kommunikasiya, məlumatlılığın artırılması davamlı inkişafa və iqlim dəyişikliyinin qarşısının alınmasına səbəb olacaq.

Forumda müxtəlif ölkələrdən olan rəsmilər, media və vətəndaş cəmiyyəti, dövlət və biznes nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, media ekspertləri çağdaş dünyada dezinformasiya barədə əhatəli təsəvvürün formalaşdırılması, onun səbəb olduğu genişmiqyaslı neqativ nəticələrin təhlili və onunla mübarizədə ən effektiv həll yollarının müəyyənləşdirilməsi, həmçinin dezinformasiyaya qarşı daha davamlı cəmiyyət qurmaq üçün siyasət və təşəbbüslər, media savadlılığı, süni intellektin reallığa, mediaya təsiri, iqlim hərəkatında medianın rolu və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.

Panel sessiyalarda rəqəmsal əsrdə dezinformasiyanın yaratdığı problemləri həll etmək üçün innovativ metodların tətbiqi və proaktiv strategiyaların araşdırılması, bu istiqamətdə qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması və gücləndirilməsi, eyni zamanda ölkəmizdə keçiriləcək COP29 tədbirinə hazırlıqla bağlı müzakirələr aparılıb.

Forum çərçivəsində müxtəlif layihələrin təqdimatı, sərgilər, mədəni tədbirlər təşkil olunub, eyni zamanda əməkdaşlıq müqavilələri imzalanıb, ikitərəfli və çoxtərəfli görüşlər keçirilib. 

1 / 2