Azərbaycan Respublikası Media və Yayım Şurası “Media haqqında” Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında media və yayım sahəsində səlahiyyətli dövlət orqanıdır.

Şura media və yayım sahəsində dövlət siyasətinin formalaşmasında iştirak edir və onun həyata keçirilməsini təmin edir, audiovizual media sahəsində tənzimləməni və audiovizual media subyektlərinin lisenziyalaşdırılmasını həyata keçirir, Media Reyestrini formalaşdırır və aparır, habelə müvafiq normativ hüquqi aktlara əməl olunmasına nəzarət edir.

Eyni zamanda media subyektlərinin inkişafına və iqtisadi müstəqilliyinin gücləndirilməsinə, jurnalistlərin və media sahəsində çalışan mütəxəssislərin peşəkarlığının artırılmasına, media savadlılığının yüksəldilməsinə, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların media sahəsində tətbiqinə yönəlmiş tədbirlər görür. Şura, həmçinin ictimai əhəmiyyətli media layihələrinin həyata keçirilməsini, audiovizual məhsulların istehsalını və yayımını dəstəkləyir, peşə etikası qaydalarına riayət edilməsinə, hadisələrin və dövlət siyasətinin mediada ədalətli, balanslı, obyektiv və qərəzsiz işıqlandırılmasına, eləcə də dövlət qurumları ilə media subyektləri arasında əməkdaşlığın genişləndirilməsinə, qarşılıqlı əlaqələrin təkmilləşdirilməsinə və etimadın gücləndirilməsinə yönəlmiş tədbirlər həyata keçirir.

Şura, həmçinin dezinformasiyanın aşkarlanması, qiymətləndirilməsi və yayılmasının qarşısının alınması istiqamətində tədbirlər həyata keçirir, informasiya mühitini, ictimai rəyi və mediada, o cümlədən sosial şəbəkə platformalarında rəqəmsal məzmunu təhlil edir, habelə qanunvericiliklə müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirir.