Xarici qonaqlar Şuşada yeni inşa edilən Qarabağ küçəsi ilə tanış olublar
4-cü Şuşa Qlobal Media Forumunun iştirakçıları Şuşada yeni inşa edilən Qarabağ küçəsində olublar.
Tanışlıq zamanı xarici qonaqlara bildirilib ki, tikinti işləri həyata keçirilərkən yüksək keyfiyyət standartları ilə yanaşı, yeni tikililərin Şuşanın tarixi-memarlıq simasına uyğunluğunun qorunmasına xüsusi diqqət yetirilib.
Qeyd olunub ki, layihə tarixi şəhər və Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın inkişafı istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərin tərkib hissəsidir. İnşa edilən binalar şəhərin memarlıq görünüşünü daha da zənginləşdirməklə yanaşı, burada aparılan bərpa və yenidənqurma işlərinin miqyasını əks etdirir.
Eyni zamanda, layihə Şuşanın iqtisadi fəallığının artırılmasına, şəhərdə xidmət infrastrukturunun inkişafına, sakinlərin və qonaqların rahatlığının təmin olunmasına töhfə verir.






