“Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə” mövzusunda keçirilən I Özbəkistan-Azərbaycan Media Forumu panel sessiyalarla davam edib
Özbəkistan Respublikasının Daşkənd şəhərində “Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə” mövzusunda keçirilən I Özbəkistan-Azərbaycan Media Forumu öz işini panel sessiyalarla davam etdirib.
Forum çərçivəsində “Dezinformasiya ilə mübarizədə ən yaxşı beynəlxalq təcrübələr”,
“Özbəkistan və Azərbaycan əhalisinin media savadlılığının artırılmasında dövlət və qeyri-hökumət media qurumlarının rolu”, “Media və kommunikasiya sahəsində Özbəkistan və Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsi” mövzularında panel sessiyalar baş tutub.
“Media və kommunikasiya sahəsində Özbəkistan və Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsi” mövzusunda panel sessiyada çıxış edən Medianın İnkişafı Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Nigar Hüseynova qeyd edib ki, Azərbaycan və Özbəkistanın beynəlxalq arenada nüfuzu artdıqca hər iki ölkə dezinformasiya hücumlarına məruz qalır və cəmiyyətdə çaşqınlıq yaratmaq, informasiya məkanını çirkləndirmək məqsədi daşıyan məlumatların yayılması hallarına tez-tez rast gəlinir, bu səbəbdən hər iki ölkədə cəmiyyətin dezinformasiyaya qarşı dayanıqlılığının artırılması, media savadlılığının yüksəldilməsi və bu kimi bir çox istiqamətlərdə qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsi müstəsna əhəmiyyət daşıyır.