MEDİA – fərdi jurnalist müsabiqəsi

Fərdi jurnalist müsabiqəsi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən jurnalistlərin peşakarlıq və məsuliyyətinin artırılması, o cümlədən sosial müdafiəsinə yönəldilmiş tədbirlərin həyata keçirilməsi, media nümayəndələrinin fərdi bacarıqlarının təkmilləşdirilməsi, dövlət və cəmiyyət üçün prioritet təşkil edən məsələlərin həllində jurnalistlərin potensialından səmərəli istifadə olunması, jurnalist tədqiqatlarının aparılmasının stimullaşdırılması məqsədilə dövri olaraq həyata keçirilir.

01 Müsabiqədə iştirak edə bilər
  • kütləvi informasiya vasitəsinin məlumat toplamaq, hazırlamaq, redaktə və istehsal etməklə məşğul olan əmək müqaviləsi ilə işləyən müxbirləri;
  • kütləvi informasiya vasitəsinin məlumat toplamaq, hazırlamaq, redaktə və istehsal etməklə məşğul olan mülki hüquq müqaviləsi ilə işləyən müxbirləri.
02 Müraciət üçün tələb olunan sənədlər
  • Müsabiqəyə müraciət forması (bütün bəndləri doldurulmuş və imzalanmış olmalıdır) (əlavə olunur);
  • şəxsiyyət vəsiqəsinin ön və arxa hissəsinin surəti;
  • əmək müqaviləsi ilə işləyən jurnalistlər tərəfindən çap olunma tarixi müsabiqə müddətinə aid olan əmək müqaviləsi bildirişi, fərdi olaraq müəllif hüquqları əsasında fəaliyyət göstərən jurnalist tərəfindən isə müsabiqə müddətinə aid olan mülki hüquq müqaviləsi (müqavilələri);
  • jurnalistin müvəkkil bankın möhürü və səlahiyyətli şəxsinin imzası ilə təsdiq edilmiş aktiv bank hesabı üzrə rekvizitlərini əks etdirən sənəd;
  • müsabiqə elan olunan günədək son 3 aylıq dövr ərzində dərc olunmuş və ya yayımlanmış material.
03 Müsabiqəyə müraciət forması
  • Müsabiqəyə yazı təqdim edən jurnalistlər tərəfindən müraciət, sənədlərin və materialın “Medianın inkişafına dəstək layihələri üzrə elektron informasiya bankı”na daxil edilməsi yolu ilə aparılır. Jurnalist yazısının dərc olunduğu qəzet səhifəsinin şəklinin və ya ekran görüntüsünün (skrinşotunun) “.pdf” yaxud “.jpeg” versiyasını, veb-səhifənin isə linkini Elektron informasiya bankına daxil edir;
  • Müsabiqəyə süjet təqdim edən jurnalistlər sənədləri və materialın yayımlandığı “youtube” linkini Elektron informasiya bankına daxil edir.
04 Müsabiqəyə təqdim edilən materiallar

Müsabiqəyə yazı təqdim edən jurnalist müsabiqə elan olunan günədək son 3 (üç) aylıq dövr ərzində dərc olunmuş yazısını aşağıdakı nominasiyalardan yalnız biri üzrə müsabiqəyə təqdim edir:

  • ən yaxşı reportaj;
  • ən yaxşı ictimai-siyasi təhlil;
  • ən yaxşı sosial-iqtisadi təhlil;
  • ən yaxşı müsahibə;
  • ən yaxşı mədəniyyət materialı;
  • ən yaxşı köşə yazısı;
  • ən yaxşı jurnalist araşdırması;
  • ən yaxşı oçerk.

Müsabiqəyə süjet təqdim edən jurnalist müsabiqə elan olunan günədək son 3 (üç) aylıq dövr ərzində yayımlanmış süjetini aşağıdakı nominasiyalardan yalnız biri üzrə müsabiqəyə təqdim edir:

  • ən yaxşı ictimai-siyasi reportaj;
  • ən yaxşı iqtisadi reportaj;
  • ən yaxşı sosial reportaj;
  • ən yaxşı mədəniyyət reportajı;
  • ən yaxşı idman reportajı.
05 Qiymətləndirmə

Materialların qiymətləndirilməsi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən cəlb edilmiş 3 müstəqil ekspert tərəfindən həyata keçirilir.

06 Mükafatlandırma

Müsabiqənin yekununda çap mediası və onlayn media subyektlərində işləyən jurnalistlər üçün nəzərdə tutulmuş nominasiyaların hər biri üzrə 5 (beş) jurnalist, audiovizual media subyektində işləyən jurnalistlər üçün nəzərdə tutulmuş nominasiyaların hər biri üzrə isə 2 (iki) jurnalist və həmin jurnalistlərin süjetinin hazırlanmasında iştirak edən operator olmaqla ümumilikdə 4 (dörd) nəfər qalib müəyyən edilir. Qalib jurnalistlərin hər biri 700 (yeddi yüz) manat, operatorların hər biri isə 350 (üç yüz əlli) manat məbləğində pul mükafatı ilə mükafatlandırılır.