Dövlət sifarişi əsasında audiovizual məhsulların istehsalı və yayımı üzrə müsabiqə

Dövlət sifarişi əsasında audiovizual məhsulların istehsalı və yayımı üzrə müsabiqə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən yeni media mühitində auditoriya yönümlü və hədəf kütlələrə hesablanmış məzmun istehsalı və yayımının təşviqi, maarifləndirici materialların rəqabətədavamlılığının artırılması, məzmun müxtəlifliyi və yaradıcılığının stimullaşdırılması, dövlət və cəmiyyət üçün prioritet istiqamətlər barədə məlumatların ictimaiyyətə səmərəli şəkildə çatdırılması məqsədilə təşkil edilir.

01 İştirak şərtləri

Müsabiqə ümumölkə yerüstü televiziya yayımçıları arasında təşkil edilir. Müsabiqədə iştirak etmək istəyən yayımçılar:

  • Media Reyestrinə daxil edilmiş olmalıdır;
  • yenidən təşkil (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə), müflis olma, ləğv edilmə prosesində olmamalıdır;
  • “Media haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun fəaliyyət göstərməlidir;
  • müraciəti Qaydaların tələblərinə uyğun olmalıdır.
02 Müraciət üçün tələb olunan sənədlər

Müsabiqəyə müraciət edən yayımçıdan aşağıdakıların təqdim olunması tələb edilir:

  • ərizə (bütün bəndləri doldurulmuş və imzalanmış olmalıdır);
  • ərizəni imzalayan şəxsin səlahiyyətini təsdiq edən sənədin və şəxsiyyət vəsiqəsinin skan olunmuş surəti;
  • Ümumölkə yerüstü televiziya yayımçısı lisenziyasının skan olunmuş surəti;
  • sinopsis;
  • layihə sənədi;
  • yayımçının müsabiqəyə qədərki son 3 (üç) ay üzrə reytinq göstəricisi;
  • yayımçının sosial media hesablarının (“youtube” daxil olmaqla) son 3 (üç) aylıq hesabatı.
03 Müsabiqəyə müraciət forması

Müsabiqəyə müraciət müvafiq sənədlərin elektron daşıyıcıda ərizəyə qoşma edilməklə Agentliyə təqdim olunması yolu ilə həyata keçirilir.

04 Qiymətləndirmə

Müsabiqəyə təqdim olunmuş layihələrin qiymətləndirilməsi Azərbaycan Respublikası Audiovizual Şurası, Agentlik və sahə üzrə ekspertlərdən ibarət komissiya tərəfindən  həyata keçirilir.

05 Müsabiqə nəticələri ilə bağlı öhdəliklər
  • Müsabiqənin nəticəsinə uyğun olaraq maliyyə vəsaitlərinin ödənilməsi qalib elan olunmuş yayımçı ilə Agentlik arasında müqavilə bağlanıldıqdan sonra həyata keçirilir.
  • Müqavilə üzrə vəsaitin ödənilməsi tərəflər arasında razılaşdırılmış dövriliklə icra olunur.
  • Müqavilə üzrə layihənin icrasının monitorinqi Şura tərəfindən tərəfindən həyata keçirilir, nəticələr Agentliyə təqdim edilir.
  • Layihə efirdə getdiyi müddət ərzində üç dəfə Medianın İnkişafı Agentliyinin və Audiovizual Şuranın dəstəyi ilə hazırlandığına dair qaçan sətirlər yayımlanır.
  • Layihə yayımçının internet saytında, sosial şəbəkə hesablarında və “youtube” platformasında yerləşdirilir.
  • Layihə praym-taymda yayımlanır.
  • Yayımçı müqavilənin qüvvədə olduğu müddət ərzində hər ayın sonu müvafiq maliyyə vəsaitinin hansı istiqamətlərə xərcləndiyini təsdiq edən sənədləri Agentliyə təqdim edir.
  • Müqavilə öhdəlikləri pozulduqda müqaviləyə xitam verilir və icra edilməmiş öhdəliklər üzrə ödənişlər geri qaytarılır.