“Əkinçi”dən başlanan yol
Azərbaycan xalqının milli dirçəliş dövrünə qədəm qoyması, dövlət və dövlətçilik dəyərlərinin formalaşması, milli şüurun oyanışı və özünüdərk prosesində milli mətbuatın rolu böyük və əvəzolunmazdır.
Azərbaycanın mətbuat tarixi Həsən bəy Zərdabinin 1875-ci ildə yaratdığı “Əkinçi” qəzetinın nəşri ilə başlamış və qəzetin ilk sayının işıq üzü gördüyü gün − 22 İyul hazırda Azərbaycanda Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur.
“Əkinçi” qəzetinin nəşri bütün Qafqazda əks-səda doğurmuşdu. Qəzetin fəaliyyəti Azərbaycanda maarifçiliyin əsasını möhkəmləndirmiş, millətin yeni qələm sahiblərinin − təfəkkürlü ziyalıların, neçə-neçə jurnalist nəslinin yetişməsində böyük tarixi xidmətlər göstərmişdir. “Əkinçi”, eyni zamanda, qadın azadlığı və qadın təhsili məsələlərini təbliğ etmiş, dini mövhumata, xurafata və cəhalətə qarşı kəskin çıxışlar etmiş, dövrünün ictimai-siyasi, eləcə də bədii düşüncənin inkişafına böyük təkan vermişdir. Ən əsası da bütün bu ictimai azadlıq ideyaları milli dilimizdə − Azərbaycan dilində reallaşdırılmışdır.
Beləliklə, maariflənmə, müasirləşmə, ümummilli məqsədlərin təbliği, bəşəri dəyərlərin milli ənənələrlə üzvi vəhdəti, ədəbi dilin danışıq dilinə yaxınlaşdırılması, hadisələrin obyektiv işıqlandırılması ilə “Əkinçi” özündən sonra bir sıra mətbu nəşrlərə cığır açmışdır.
1880-1891-ci illər arasında Cəlal Ünsüzadənin rəhbərliyi ilə çap olunmuş “Kəşkül” qəzeti, əsasən, Şərq despotizminin, geriliyin əlehyinə çıxmış, mədəni inkişafı təbliğ etmışdır.
1881-1919-cu illərdə Bakıda rus dilində işıq üzü görən “Kaspi” qəzetinin əsas məqsədi milli mənlik şüurunun formalaşmasına yönəlik təhlillərin aparılması olmuşdur. Burada Azərbaycanın Avropaya, bütövlüklə dünya birliyinə inteqrasiyasının etibarlı əsaslar üzərində qurulması, XIX əsrin sonları XX əsrin əvvəllərində ölkədə siyasi dərnəklərin siyasi partiyalara çevrilməsi və onların geniş ideya siyasi fəaliyyətləri nəticəsində ictimai mədəni düşüncəyə siyasi ab-havanın daxil olması kimi məsələlər təşviq edilmişdir.
1903-cü ildə Avropa və Mərkəzi Rusiya qəzet və jurnallarında fəaliyyət göstərən, jurnalistikanın Qərb standartlarına kifayət qədər bələd olan Məhəmməd ağa Şahtaxtlı “Şərqi-Rus” qəzetinin çapına nail olmuşdur. Tiflisdə fəaliyyətə başlayan, ictimai-siyasi, iqtisadi, elmi, ədəbi mövzulara yer verən qəzet ətrafına Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Abbas Səhhət, Ömər Faiq Nemanzadə, Firudin Köçərli, Məmməd Səid Ordubadi, Hüseyn Cavid, Əliqulu Qəmküsar, Əli Nəzmi kimi maarifçiləri toplamaqla yeni nəsil jurnalistləri yetişdirmişdir.
“Şərqi-Rus”da çalışdığı müddətdə peşəkar jurnalist kimi yetişən Cəlil Məmmədquluzadə 1906-cı il aprel ayının 7-də Tiflisdə işıq üzü görən “Molla Nəsrəddin” jurnalı ilə milli mətbuatın inkişafında əlamətdar hadisəyə imza atmış və adını Azərbaycam mətbuat tarixinə qızıl hərflərlə yazmışdır. 1918-ci ilədək Tiflisdə nəşr edilən jurnal 1921-ci ildə Təbrizdə, 1921-1931-ci illərdə isə Bakıda çap olunmuşdur. “Molla Nəsrəddin” jurnalı müstəmləkəçilik siyasətini, cəhaləti, geriliyi, sosial ədalətsizliyi kəskin tənqid etmiş, qısa bir zamanda oxucu dairəsini genişləndirmiş, şöhrəti ilə Qafqazın hüdudlarını aşaraq bütün Rusiyaya, Türk dünyasına, Yaxın və Orta Şərqə yayılmışdır. Bütün təqib və təzyiqlərə baxmayaraq, 25 il müddətində fəaliyyət göstərən jurnalın nəşri müddətində formalaşan “Mollanəsrəddinçilik” ictimai-ədəbi hərəkatı Azərbaycan mətbuatının sonrakı inkişafına da böyük təsir göstərmişdir
Rusiya İmperiyasının sərt senzurası ölkədə nəşr olunan mətbuat orqanlarının sayının sürətlə artmasına imkan verməsə də, ölkə ziyalıları ana dilində qəzet və jurnalların nəşri istiqamətində ciddi fəaliyyətlərini davam etdirmişlər. Əhməd bəy Ağayevin, Əli bəy Hüseynzadənin, Əlimərdan bəy Topçubaşovun, Nəcəf bəy Vəzirovun, Məhəmməd Əmin Rəsulzadənin və başqalarının yaxından iştirakı və rəhbərliyi ilə 1905-1918-ci illər ərzində nəşr olunan “Həyat”, “İrşad”, “Tərəqqi”, “Füyuzat”, “İqbal”, “Açıq söz” və s. qəzet və jurnal səhifələrində millətin taleyüklü problemləri müzakirə edilmiş, milli ideologiyanın, dövlətçilik təfəkkürünün formalaşması, xalqın siyasi hüquqları, dövrün feodal geriliyi, kəndlilərin ağır həyatı təsvir olunmuş, mədəniyyət, ədəbiyyat, dil məsələlərinə diqqət verilmişdir.
1917-ci ilin sonunda Rusiyada baş vermiş hərbi-siyasi vəziyyət, Azərbaycan Xalq Cümhuriyyətinin elanı yeni ruhlu mətbuat orqanlarının yaranması ilə nəticələnmişdir. 1918-ci ilin mayın 28-də Şərqin ilk demokratik respublikasının təməli qoyulmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması XX əsrdə xalqımızın həyatında yeni bir mərhələ, tarixi hadisə olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti cəmi iyirmi üç ay yaşasa da, onun mətbuatın fəaliyyəti üçün yaratdığı demokratik mühit, bərabər paritetlər, hər kəsin məfkurə və özünüifadə azadlığının təmin edilməsi təcrübəsi tarixdə gözəl nümunə kimi qalmışdır. Həmin dövrdə söz və mətbuat azadlığını təsbit edən bir sıra hüquqi sənədlər qəbul edilmişdir. Xüsusilə də 1919-cu ilin oktyabr ayında qəbul olunmuş “Mətbuat haqqında nizamnamə” sosial və siyasi yönümündən asılı olmayaraq, bütün mətbu nəşrlərin normal fəaliyyət göstərməsi üçün demokratik şərait yaratmışdı.
Azərbaycanda 1920-ci ilin aprel işğalından sonra formalaşmış sovet ideoloji sistemi dövrü mətbuata təbliğat vasitəsi kimi yanaşmış və birpartiyalı sistemdə yeni siyasi quruluşun üstünlüklərinin izah olunması jurnalist fəaliyyətinin əsas vəzifəsi kimi müəyyən edilmişdir. Sovet mətbuatı yarandığı ilk günlərdən başlayaraq bütün dövrlərdə, o cümlədən repressiya, İkinci Dünya müharibəsi və “soyuq müharibə” illərində yalnız təbliğat aləti olaraq qalmışdır. Sovet dövründə ideoloji kursa uyğun olaraq, qəzet və jurnalların şəbəkəsi genişlənmiş, ixtisaslaşmış mətbuat orqanları yaradılmış, teleradio jurnalistikası təşəkkül tapmışdır.
Sovet hakimiyyəti dövründə Azərbaycan mətbuatı sosialist realizmi prinsipləri əsasında fəaliyyət göstərsə də, inkişafını davam etdirmişdir. İdeoloji buxovların mövcudluğuna baxmayaraq, mətbuat orqanlarının milli özünüdərkin formalaşmasında böyük rolu olmuşdur.
XX əsrin 80-ci illərin sonunda SSRİ-də ictimai-siyasi həyatın demokratikləşdirilməsi nəticəsində Azərbaycanda başlanmış siyasi oyanış, Ermənistanın təcavüzkar siyasətinə etiraz ümumxalq hərəkatına çevrilmişdir. Ölkənin ən ağır günlərində meydana çıxan “Azərbaycan”, “Aydınlıq”, “Yeni fikir”, “Meydan”, “Azadlıq”, “Səhər”, “Odlar Yurdu”, “Gənclik”, “Xəzər” və s. kimi rəsmi təbliğata alternativ olan qə¬zet¬ və jurnallar qadağaları sındırmağa, cəmiyyətin obyektiv informasiya təminatını həyata keçirməyə çalışmışlar.
Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdikdən sonra respublikada yeni qəzet və jurnallar çap olunmağa başlamışdır. Bu nəşrlər özünün yeniləşmə və dirçəliş cizgiləri ilə əvvəlki nəşrlərdən kəskin şəkildə fərqlənmişlər. İnformasiya məkanının genişlənməsi jurnalistikada yeni tendensiyaların, nəşrlərin və radio-televiziya kanallarının müxtəlif tiplərinin yaranmasına səbəb olmuşdur.
Müstəqillik illərində müasir KİV sisteminin aparıcı qolunu təşkil edən müstəqil radio və televiziya kanalları yaranmış, geniş informasiya məkanında öz yerlərini möhkəmləndirməyə nail olmuşlar. Bu dövr, həmçinin müstəqil informasiya agentliklərinin, internet informasiya portallarının yaranması və strukturlaşması dövrü kimi xarakterizə olunur.
1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyev Azərbaycanın müstəqillik tarixinin əsasını qoydu. Heydər Əliyevin siyasi iradəsi və böyük səyləri nəticəsində plüralizmi, söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırıldı, Azərbaycan Prezidentinin 6 avqust 1998-ci il tarixli Fərmanı ilə senzura ləğv edildi.
Prezident İlham Əliyevin 31 iyul 2008-ci il tarixli Sərəncamı ilə Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyası kimi mühüm bir sənədin təsdiqindən sonra milli mətbuatın müstəqilliyinin dəstəklənməsi, redaksiyalara yardım mexanizminin təkmilləşdirilməsi, müasir texnologiyaların tətbiqi, cəmiyyət və mətbuat arasında səmərəli əməkdaşlığın gücləndirilməsi, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılması, sosial təminatının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlərə başlanılmışdır.
Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində qazandığımız qalibiyyət medianın inkişafına impuls vermis, yeni mərhələnin başlanmasını şərtləndirmişdir. Vətən müharibəsindən az sonra Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı özündə köklü dəyişiklikləri əks etdirməklə qarşımıza yeni və daha məsuliyyətli vəzifələr qoymuşdur.
Fərmandan irəli gələn yeniliklər Azərbaycan mediasının şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırılmasına şərait yaradacaq, modernləşmə, rasionallıq, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi kimi qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinin, innovativ yanaşmaların tətbiqinə təkan verəcəkdir. Media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması, vətəndaş və cəmiyyət üçün ictimai maraq doğuran layihələrin həyata keçirilməsinin təşkili, həmçinin dövlət orqanları və qurumlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin müvafiq sahə üzrə fəaliyyətinin əlaqələndirilməsinin həyata keçirilməsi MEDİA Agentliyinin fəaliyyətinin əsas prioritetlərindəndir.