Medianın İnkişafı Agentliyinin BDU-da xüsusi auditoriyası istifadəyə verilib
Noyabrın 26-da Medianın İnkişafı Agentliyinin Bakı Dövlət Universitetində (BDU) xüsusi auditoriyası istifadəyə verilib.
Tədbirdə çıxış edən rektor Elçin Babayev BDU-nun Jurnalistika fakültəsinin ölkədə peşəkar jurnalist kadrlarının hazırlanmasında mühüm rol oynadığını, məzunların medianın müxtəlif sahələrində uğurla çalışdıqlarını diqqətə çatdırıb. Rektor qeyd edib ki, tələbələrin nəzəri biliklər əldə etməklə yanaşı, praktik bacarıqlarının möhkəmləndirilməsi, tədris prosesinə peşəkar şəxslərin cəlb edilməsi olduqca vacibdir.
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Agentlik tərəfindən göstərilən müxtəlif formatlı təşəbbüslərin jurnalistika sahəsində təhsil alan gənclər üçün yeni imkanlar yaradacağını və onların peşəkar bacarıqlarının inkişafına müsbət təsir göstərəcəyini vurğulayıb. O bildirib ki, bu ixtisas üzrə müasir dövrün tələblərinə cavab verən kadrların hazırlanması yeni yanaşma və metodologiyaların tətbiqini zəruri edir, buna görə də tələbələr üçün təlim, seminar və kursların təşkil edilməsi önəmli hesab olunur.
Mətbuat Şurasının sədri Rəşad Məcid isə bu cür layihələrin Azərbaycan mediasının inkişafına töhfə verəcəyini və gənc nəslin intellektual inkişafının təmin edilməsi, ictimai fəallığının artırılması, tələbələrin yüksəkixtisaslı mütəxəssis kimi formalaşması, onların sürətlə dəyişən əmək bazarında rəqabətədavamlı olmalarına xidmət edəcəyini vurğulayıb.
BDU-nun Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli, Multimedia və elektron kommunikasiya kafedrasının müdiri Qulu Məhərrəmli, MEDİA Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli, Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının professoru Akif Rüstəmov və digər çıxışçılar jurnalistika təhsilinin keyfiyyəti, mediada yeni tendensiyalar, müasir texnologiyaların tətbiqi barədə fikirlərini bölüşüblər.
Daha sonra Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovun Jurnalistika fakültəsinin tələbələri ilə görüşü keçirilib. Ə.İsmayılov cənab Prezidentin müvafiq Fərmanı ilə əsası qoyulmuş media islahatları barədə ətraflı məlumat verib, bu islahatların jurnalistikanın inkişafına, beynəlxalq standartlara uyğunlaşmasına böyük təsir göstərdiyini, "Media haqqında" Azərbaycan Respublikası Qanununun qəbulundan sonra həyata keçirilən dəyişikliklərin, xüsusilə media subyektlərinin iqtisadi müstəqilliyinin artırılması və vergi güzəştlərinin tətbiqinin əhəmiyyətini qeyd edib. Diqqətə çatdırılıb ki, bütün bunlar media qanunvericiliyinin təkmilləşməsi və islahatların mediamızın inkişafına verdiyi töhfələrin bir qismidir, bu proses davamlı olacaq.