Media ve Yayim Surasinin tesebbusu ile “Reqemsal Media Ayi” cercivesinde novbeti telim proqrami kecirilib

Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” çərçivəsində növbəti təlim proqramı keçirilib

Azərbaycan Respublikası Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” çərçivəsində növbəti təlim proqramı keçirilib.

Reklam məzmunlarının yaradıcısı Nihad Məmmədzadə “Sosial mediada strateji məzmunun yaradılması” mövzusunda çıxış edərək hədəf auditoriyaya uyğun kommunikasiya strategiyaları, mətnlərin strukturlaşdırılması və yaradıcı yanaşmanın tətbiqi barədə məlumat verib. O, həmçinin məzmun yaratma üsullarından səmərəli istifadənin sosial media paylaşımlarının keyfiyyətinin artırılmasında, informasiyanın auditoriyaya daha aydın və cəlbedici formada çatdırılmasında, eləcə də istifadəçilərlə qarşılıqlı əlaqənin gücləndirilməsində əhəmiyyətini vurğulayıb.

Süni intellekt və məzmun yaratma üzrə mütəxəssis Mamed Qurbanov isə “Rəqəmsal mühitdə təhlükəsizlik və dezinformasiya ilə mübarizə” mövzusunda çıxış edərək rəqəmsal platformalardan təhlükəsiz istifadə, şəxsi məlumatların qorunması, dezinformasiyanın müəyyən edilməsi və etibarlı informasiya mənbələrinin seçilməsi məsələlərindən bəhs edib. Eyni zamanda, yanlış və manipulyativ məlumatların yayılmasının qarşısının alınması, informasiyanın doğruluğunun yoxlanılması və rəqəmsal mühitdə məsuliyyətli məzmun istehlakının əhəmiyyəti diqqətə çatdırılıb.

Qeyd edək ki, noyabr ayı ərzində “Rəqəmsal Media Ayı” çərçivəsində müxtəlif hədəf qrupları üçün maarifləndirmə və inkişaf proqramları, praktiki təlimlər, seminarlar, şəbəkələşmə görüşləri və media kampaniyaları təşkil olunub. Proqramda rəqəmsal media trendləri, sosial media platformalarının fəaliyyət prinsipləri, məzmun strategiyalarının hazırlanması, Sİ texnologiyalarının tətbiqi, informasiya təhlükəsizliyi və dezinformasiya ilə mübarizə kimi aktual mövzulara xüsusi diqqət yetirilib.

1 / 9