MEDİA-nın altıncı könüllülük proqramı başlayıb
Martın 30-da Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli MEDİA könüllüləri ilə görüşüb.
Görüş zamanı Natiq Məmmədli ölkədə media sahəsinin inkişafı istiqamətində atılan addımlardan, bu sahədə kadr potensialının artırılmasından danışıb. O, müasir informasiya mühitinə uyğun mütəxəssislərin hazırlanmasında media təhsilinin mühüm əhəmiyyət kəsb etdiyini, həmçinin təcrübi bilik və bacarıqların artırılması yönündə müxtəlif tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb, bu sahədə MEDİA Agentliyi tərəfindən icra olunan layihələrdən bəhs edib.
Daha sonra sayca altıncı “Könüllülük Proqramı”nın fəaliyyət planı haqqında məlumat verilib, bildirilib ki, üç ay davam edəcək proqram ərzində könüllülər müxtəlif təlimlərə qatılacaq, fərqli media subyektlərində təcrübə keçəcəklər.
Qeyd edək ki, MEDİA könüllüləri proqramının məqsədi media sahəsində mütəxəssislər hazırlamaq, gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, gənclərin bilik və bacarıqlarını artırmaq, yaradıcı-innovativ potensialını stimullaşdırmaqdır.