Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi

Konsepsiyası

Azərbaycan Respublikasında fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun əsas şərtlərindən biridir. Dövlətin informasiya siyasəti Azərbaycan Respublikasının Konstitusiyasında əks olunmuş fikir, söz və məlumat azadlığının, vətəndaşların informasiya əldə etmək hüququnun ardıcıl və tam təmin edilməsinə yönəlmişdir. Müasir informasiya və telekommunikasiya texnologiyalarının inkişafı, cəmiyyətin sosial-siyasi və mədəni həyatında kütləvi informasiya vasitələrinin təsirinin güclənməsi həm bu sahənin infrastrukturunun yeniləşməsini, həm də jurnalistlərin peşəkarlığının artırılmasını zəruri edir. Ölkəmizin dünya informasiya məkanına daxil olması və informasiya cəmiyyətinə keçidlə əlaqədar şəxsiyyətin, cəmiyyətin və dövlətin informasiya təhlükəsizliyinin təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir. Buna görə də kütləvi informasiya vasitələrinin inkişafına və fəaliyyətinin təkmilləşməsinə dövlət dəstəyi müasir dövrümüzün tələbinə çevrilmişdir.

Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi cəmiyyətdə söz azadlığını, insanların obyektiv informasiya əldə etmək hüququnu, həmçinin kütləvi informasiya vasitələrinin müstəqilliyini təmin etmək məqsədi ilə dövlət tərəfindən müəyyən olunan təşkilati-texniki, hüquqi, iqtisadi və digər tədbirlərin məcmusunu ehtiva edir.

Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyinin əsas məqsədi vətəndaş cəmiyyəti quruculuğu prosesində onların mühüm rolunu nəzərə almaqla fikir, söz və məlumat azadlığını inkişaf etdirmək, kütləvi informasiya vasitələrinin müstəqilliyini dəstəkləmək, redaksiyalara yardım mexanizmini təkmilləşdirmək, informasiya sektorunda yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqini stimullaşdırmaq, cəmiyyət və kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlığı gücləndirmək, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artmasına şərait yaratmaq, sosial müdafiəsini gücləndirmək, dövlət və cəmiyyət üçün prioritet təşkil edən məsələlərin həllində kütləvi informasiya vasitələrinin potensialından səmərəli istifadə etməkdən ibarətdir.

Bu konsepsiya vətəndaş cəmiyyətinin tələblərinə uyğun olaraq, kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyinin əsas prinsiplərini, formalarını, vasitələrini və sahələrini, maliyyə vəsaitinin ayrılması şərtlərini müəyyən edir.

 

I. AZƏRBAYCAN RESPUBLİKASINDA KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİNİN VƏZİYYƏTİNİN TƏHLİLİ

Dövlət müstəqilliyinin ilk illərində Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığı sahəsində ciddi problemlər mövcud idi. Kütləvi informasiya vasitələrində senzuranın tətbiq edilməsi, mətbuat orqanlarının maddi-texniki bazasının zəifliyi, jurnalistlərin peşəkarlığının aşağı səviyyəsi vətəndaş cəmiyyətinin mühüm elementlərindən biri olan fikir, söz və məlumat azadlığının inkişafına mane olurdu.

1990-cı illərin ortalarında respublikada ictimai-siyasi sabitlik təmin edildikdən sonra ölkənin davamlı inkişaf strategiyası müəyyənləşdirildi, demokratik islahatların həyata keçirilməsinə başlanıldı. Müasir jurnalistikanın inkişaf etdirilməsi, milli mətbuatın mütərəqqi ənənələrinin qorunub saxlanılması, kütləvi informasiya vasitələrinin fəaliyyətinin müasir dövrün tələblərinə uyğunlaşdırılması, beynəlxalq təcrübənin öyrənilməsi və tətbiq edilməsi istiqamətində müvafiq işlər görüldü.

1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsində (referendumda) qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında hər kəsin fikir və söz azadlığı, qanuni yolla istədiyi məlumatı axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq hüququ təsbit olundu, informasiya azadlığına təminat verildi, kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurası qadağan edildi.

Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 6 avqust tarixli Fərmanı ilə Nazirlər Kabineti yanında Mətbuatda və Digər Kütləvi İnformasiya Vasitələrində Dövlət Sirlərini Mühafizə Edən Baş İdarə ləğv olundu. 1999-cu ildə "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının yeni Qanunu qəbul edildi, 2001-2002-ci illərdə beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində bu sahədəki qanunvericilik bazası tam təkmilləşdirilərək, beynəlxalq standartlara uyğunlaşdırıldı. 2000-ci ildə kütləvi informasiya vasitələrinin fəaliyyətinə nəzarət funksiyasını yerinə yetirən Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi, 2003-cü ildə isə cəmiyyət, dövlət orqanları və kütləvi informasiya vasitələri arasında münasibətlərin ictimai tənzimlənməsi mexanizmi kimi Mətbuat Şurası yaradıldı.

2002-ci il iyunun 25-də “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Həmin Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 oktyabr tarixli Fərmanının 1-ci bəndi ilə Milli Televiziya və Radio Şurası yaradıldı. Şuranın əsas vəzifəsi televiziya və radio yayımlarının fəaliyyətini tənzimləmək, yayım zamanı ictimaiyyətin maraqlarını qorumaq, televiziya və radio yayımı haqqında qanunvericiliyə əməl edilməsi üzərində nəzarəti həyata keçirməkdən ibarətdir.

2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dövlət televiziyası olan AzTV-1 “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə çevrildi. Beynəlxalq ekspertlərin iştirakı ilə hazırlanmış “İctimai televiziya və radio yayımı haqqında” Qanuna uyğun olaraq, həmin il “İctimai Televiziya və Radio Yayımları Şirkəti” fəaliyyətə başladı.

Sonrakı illərdə kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinin təmin edilməsi məqsədi ilə digər qanunvericilik aktları qəbul edildi. Beynəlxalq və yerli ekspertlərin iştirakı ilə hazırlanmış və 2005-ci ildə qəbul olunmuş "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanunu hər kəsin sərbəst, maneəsiz, hamı üçün bərabər şərtlərlə informasiya əldə etməsinə hüquqi təminat yaratdı.

Kütləvi informasiya vasitələrinin müstəqilliyinin dəstəklənməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə mətbuat orqanlarının vergi yükünün azaldılması, qəzet redaksiyalarına kreditlərin ayrılması, qəzetlərin borclarının dövlət vəsaiti hesabına silinməsi, aparıcı kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi, jurnalistlərin mükafatlandırılması və sair son illərdə Azərbaycanda həyata keçirilmiş mühüm tədbirlərdir.

Hazırda Azərbaycan Respublikasında 3500-dən artıq kütləvi informasiya vasitəsi dövlət qeydiyyatına alınmışdır. Onların əksəriyyəti qəzet və jurnal, 30-dan çoxu informasiya agentliyi, 44-ü elektron kütləvi informasiya vasitəsidir. Ölkədə 7 ümumrespublika, 14 regional televiziya kanalı, 12 kabel televiziyası və 11 radiostansiya fəaliyyət göstərir. Kütləvi informasiya vasitələrinin əksəriyyəti müstəqil hüquqi və fiziki şəxslər, ictimai qurumlar, siyasi partiyalar tərəfindən təsis edilmişdir. Respublikada çoxlu sayda jurnalist təşkilatları və ictimai birlikləri fəaliyyət göstərir.

 

II. KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİ VƏ DÖVLƏTİN İNFORMASİYA SİYASƏTİ

Fikir, söz və məlumat azadlığı, sərbəst düşüncə kütləvi informasiya vasitələrinin və bütövlükdə müasir informasiya cəmiyyətinin söykəndiyi əsas dəyər və məqsədlərdir. İnformasiya cəmiyyətinə keçid siyasi və ictimai həyatın demokratikləşməsi ilə bilavasitə bağlıdır. Yeni informasiya mühitinin formalaşdırılması vətəndaşlar üçün məlumatın açıqlığı prezumpsiyasının tanınması və onların məlumat almaq hüququnun təmin edilməsi deməkdir. İnformasiya mühitinin başlıca texnoloji komponentləri (informasiya resurslarının formalaşdırılması, yayılması və istifadəsi sistemləri, informasiya-telekommunikasiya infrastrukturu) informasiyanın azad dövriyyəsinin təmin olunmasına, məlumatın azad şəkildə axtarılması, əldə edilməsi, istehsalı və yayılmasını ehtiva edən konstitusion hüququn həyata keçirilməsinə yönəlmişdir.

Azərbaycanın sosial-iqtisadi inkişafı, hüquqi islahatların keyfiyyətcə yeni mərhələyə daxil olması, vətəndaş cəmiyyəti quruculuğunun dərinləşməsi və siyasi plüralizmin genişlənməsi cəmiyyətdə informasiyaya olan ictimai tələbatı daha da artırır. Məhz bu tələbatın təmin olunması zərurəti kütləvi informasiya vasitələrinin ictimai həyatda xüsusi rolunu şərtləndirir.

Kütləvi informasiya vasitələri hakimiyyətin fəaliyyəti haqqında cəmiyyətin məlumatlandırılmasını və ictimai fikrin ifadə olunmasını təmin edən təsirli vasitədir. Kütləvi informasiya vasitələrinin bu xüsusiyyətləri onları dövlətin informasiya siyasətinin mühüm sosial institutlarından birinə çevirir.

Dövlətin informasiya siyasəti dedikdə, dövlət orqanlarının informasiya sektorunun inkişafına yönəlmiş tənzimləyici fəaliyyəti başa düşülür. İnformasiya sektoru telekommunikasiya, informasiya sistemlərini və kütləvi informasiya vasitələrini, habelə hər növ (işgüzar, əyləncəli, elmi-tədris, xəbər və sair) informasiyaların yaradılması, mühafizəsi, işlənilməsi, nümayişi, ötürülməsi ilə bağlı istehsalın və münasibətlərin məcmusunu əhatə edir.

Müasir kütləvi informasiya vasitələri nəinki dünya hadisələrini çevik işıqlandırır, həm də informasiyanın təhlili ilə məşğul olur, onu süzgəcdən keçirir və məqsədli şəkildə seçərək istifadə edir. Məhz buna görə kütləvi informasiya vasitələri insanların şüuruna güclü təsir göstərir. Onlar həmçinin tədris, maarifləndirmə, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanılması və inkişaf etdirilməsi funksiyalarını yerinə yetirir.

Dövlətin informasiya siyasətinin əsas vəzifələrindən biri kütləvi informasiya vasitələrinin fəaliyyətində şəxsiyyət, cəmiyyət və dövlətin maraqlarının tarazlaşdırılmasına yönəlmiş hüquqi, iqtisadi, təşkilati və texnoloji tədbirlərin müəyyən edilməsidir. Elə şərait yaradılmalıdır ki, kütləvi informasiya vasitələri sosial təsisatların və cəmiyyətin obyektiv məlumatlandırılması funksiyasını səmərəli yerinə yetirə bilsin.

Dövlət orqanlarının fəaliyyəti barədə ictimaiyyətin məlumatlandırılması da kütləvi informasiya vasitələrinin mühüm vəzifələrindən hesab olunur. Vətəndaşları iqtisadi islahatların gedişi, sosial məsələlərin həlli, ictimai və şəxsi həyatı tənzimləyən normativ hüquqi aktlar haqqında obyektiv informasiya ilə təmin etmək zəruridir. Ona görə də dövlətin informasiya siyasəti ilə ictimai tənzimlənmə arasında tarazlıq yaradılması, informasiya cəmiyyəti və plüralizmin inkişafı xətti daha intensiv həyata keçirilməlidir.

 

III. KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİNİN İNKİŞAFINA DÖVLƏT DƏSTƏYİNİN PRİNSİPLƏRİ VƏ FORMALARI

Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi aşağıdakı prinsiplər əsasında həyata keçirilir:

- qanunçuluq;

- şəffaflıq;

- əməkdaşlıq;

- qarşılıqlı məsuliyyət;

- kütləvi informasiya vasitələrinin müstəqilliyinin qorunması, onların fəaliyyətinə hər hansı müdaxilənin istisna edilməsi;

- yayılması qanunla qadağan olunmuş informasiyadan cəmiyyətin qorunması;

- kütləvi informasiya vasitələrinin inhisarlaşmasının qarşısının alınması;

- ictimai maraqları əks etdirən layihələrə üstünlük verilməsi;

- regional kütləvi informasiya vasitələrinin inkişafının dəstəklənməsi.

"Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanunu dövlətin kütləvi informasiya vasitələrinin inkişafına müxtəlif formalarda yardım göstərməsini istisna etmir. Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi metodiki, təşkilati-texniki, konsultativ, maliyyə və digər formalarda ola bilər.

Metodiki dəstək kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşdirilməsi, onların informasiya əldə etmək imkanlarının genişləndirilməsi, kütləvi informasiya vasitələri nümayəndələrinin ixtisas və peşə hazırlığının artırılması üçün tövsiyələr, materiallar, məlumat kitabçaları və digər vəsaitlərin hazırlanması yolu ilə həyata keçirilir.

Təşkilati-texniki dəstək müxtəlif tədbirlər zamanı kütləvi informasiya vasitələrinin səmərəli fəaliyyətinə zəruri şəraitin yaradılması, həmçinin fikir, söz və məlumat azadlığı, plüralizm və kütləvi informasiya vasitələrinin inkişafı mövzusunda ictimai maraq doğuran seminarların, konfransların, təlimlərin və digər tədbirlərin təşkilinə dəstək göstərilməsi vasitəsilə həyata keçirilir.

Kütləvi informasiya vasitələrinin inkişafına konsultativ dəstək qanunvericilik və digər normativ hüquqi aktların şərhi və izahında, iş metodları və istiqamətləri, dövlət dəstəyinin göstərilməsi imkanları və sair məsələlər barədə məlumat verilməsində ifadə olunur.

Maliyyə dəstəyi kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, infrastrukturunun modernləşdirilməsi, iqtisadi müstəqilliyinin gücləndirilməsi, dövlət və cəmiyyət üçün əhəmiyyətli problemlərin həllinə yönəlmiş proqramların, layihə və tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə dövlət tərəfindən yardımlar ayrılmasını nəzərdə tutur.

Kütləvi informasiya vasitələrinə maliyyə yardımı müsabiqəli və müsabiqəsiz şəkildə həyata keçirilir.

1. Müsabiqəsiz maliyyə dəstəyi:

- bölgələrdə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinə, sosial, mədəni və uşaqlar üçün xüsusi nəşrlərə ünvanlı yardımlar;

- subvensiyalar - dövlət orqanları tərəfindən normativ hüquqi aktların və digər rəsmi sənədlərin nəşrinə sifariş verildikdə məqsədli ayırmalar;

- subsidiyalar – müəyyən məqsədlər üçün dövlət büdcəsindən verilən maliyyə vəsaiti;

- sosial reklamlar - dövlət və yerli özünüidarəetmə orqanlarının ödənişli reklam və elanlarının kütləvi informasiya vasitələrində yerləşdirilməsi.

2. Müsabiqəli maliyyə dəstəyi:

- kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, onların inkişafına xidmət edən perspektivli proqram və biznes layihələrin həyata keçirilməsi üçün uzunmüddətli və güzəştli kreditlər verilməsi;

- dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlər üzrə məqsədli proqram və layihələrin həyata keçirilməsi ilə əlaqədar kütləvi informasiya vasitələrinə maliyyə yardımı ayrılması.

 

IV. KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİNİN İNKİŞAFINA DÖVLƏT DƏSTƏYİNİN TƏMİN EDİLMƏSİNİN ƏSAS VASİTƏLƏRİ

Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyinin təmin edilməsinin əsas vasitələri aşağıdakılardır:

- fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi, kütləvi informasiya vasitələri ilə cəmiyyət və dövlət arasında münasibətlərin tənzimlənməsi məqsədi ilə qanunvericiliyin təkmilləşdirilməsi;

- kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən, habelə kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşməsini nəzərdə tutan və inkişafını dəstəkləyən proqram və layihələrin maliyyələşdirilməsi məqsədi ilə kütləvi informasiya vasitələrinin inkişafına dəstək fondunun yaradılması;

- kütləvi informasiya vasitələri əməkdaşlarının peşəkarlığının artırılması, fikir, söz və məlumat azadlığı sahəsində araşdırmalar aparılması, beynəlxalq təcrübənin öyrənilməsi məqsədi ilə müvafiq tədbirlərin həyata keçirilməsi;

- dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın genişləndirilməsi, dövlət orqanlarının informasiya məsələləri üzrə vəzifəli şəxsinin və ya struktur bölməsinin kütləvi informasiya vasitələri ilə əlaqələrinin təkmilləşdirilməsi, qarşılıqlı etimadın artırılması;

- ictimai-siyasi hadisələrin, dövlət siyasətinin mediada ədalətli, tarazlı, obyektiv, qərəzsiz işıqlandırılmasına, jurnalistlərin peşəkarlığının artırılmasına, kütləvi informasiya vasitələrində peşə (etik) davranışı qaydalarına riayət edilməsinə, beynəlxalq informasiya mübadiləsində yeni imkanlar açan müasir informasiya və telekommunikasiya texnologiyalarının tətbiqinə və vətəndaşın, cəmiyyətin və dövlətin informasiya təhlükəsizliyinin təmin olunmasına istiqamətlənmiş proqram, layihə və sairin həyata keçirilməsi;

- fikir, söz və məlumat azadlığı sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi, xarici təcrübənin öyrənilməsi və tətbiqi;

- kütləvi informasiya vasitələri əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi.

 

V. KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİNİN İNKİŞAFINA DÖVLƏT DƏSTƏYİNİN SAHƏLƏRİ

Dövlət, əsasən, aşağıdakı sahələr üzrə proqram və layihələrin həyata keçirilməsini dəstəkləyir:

- vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu;

- fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi;

- insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması;

- ictimai və dövlət maraqlarının müdafiəsi;

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi;

- Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;

- qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin işıqlandırılması;

- Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği;

- azərbaycançılıq ideyasının təbliği;

- gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi;

- regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi;

- azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi;

- informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi;

- diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi;

- dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi;

- elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması;

- ekologiya və ətraf mühitin mühafizəsi;

- gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması;

- uşaq və gənclərin fiziki və mənəvi inkişafı.

 

VI. KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİNİN İNKİŞAFINA DÖVLƏT DƏSTƏYİNİN ŞƏRTLƏRİ

Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyinin şərtləri aşağıdakılardır:

- dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığa əsaslanan maliyyə-müqavilə münasibətlərinin formalaşdırılması;

- dövlət tərəfindən dəstəklənən proqram və layihələrin şəffaf monitorinqinin aparılması və nəticələrin qiymətləndirilməsi;

- kütləvi informasiya vasitələrində peşə (etik) davranış qaydalarına riayət edilməsi və jurnalist peşəkarlığının artırılması;

- informasiya vasitəsinin obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyətliliyi.

 

YEKUN MÜDDƏALAR

Konsepsiya kütləvi informasiya vasitələrinin inkişafına dəstək verməklə bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsinə, kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinin artırılmasına, Konstitusiyaya və qanunlara, dövlət rəmzlərinə hörmətin dərinləşməsinə, jurnalistikanın keyfiyyətcə yeni texnoloji səviyyəyə yüksəlməsinə, jurnalist peşəkarlığının və məsuliyyətinin artmasına, kütləvi informasiya vasitələrinin xarici təcrübədən faydalanmasına, beynəlxalq əlaqələrinin genişlənməsinə, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihə və proqramlarının həyata keçirilməsinə, dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın möhkəmlənməsinə, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə və müstəqil mətbuatın inkişafına şərait yaradacaqdır.