Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Azərbaycan Respublikasında medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” 2021-ci il 12 yanvar tarixli 1249 nömrəli Fərmanı ilə yaradılmışdır.
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi medianın inkişafının dəstəklənməsi, media sahəsində mütəxəssislər hazırlanması və onların əlavə təhsilinin təşkili, audiovizual, çap, onlayn media subyektlərinin və informasiya agentliklərinin, habelə jurnalistlərin və digər media işçilərinin fəaliyyətinin, eləcə də media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması istiqamətində fəaliyyət göstərən publik hüquqi şəxsdir.
Müvafiq sahənin inkişafını təmin etmək, bu sahədə dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək, aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, təkliflərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin əsas fəaliyyət istiqamətləridir.