5-ci Dunya Media Sammitinde istirak eden Azerbaycan numayende heyetinin Cinin Sinxua xeber agentliyinin prezidenti Fu Hua ile gorusu olub

5-ci Dünya Media Sammitində iştirak edən Azərbaycan nümayəndə heyətinin Çinin Sinxua xəbər agentliyinin prezidenti Fu Hua ilə görüşü olub

Çinin Quancou şəhərində keçirilən 5-ci Dünya Media Sammitində iştirak edən Azərbaycan nümayəndə heyətinin dekabrın 2-də Çinin Sinxua xəbər agentliyinin prezidenti Fu Hua ilə görüşü olub.

Görüşdə qarşılıqlı dostluq və etimad prinsiplərinə əsaslanan Azərbaycan-Çin münasibətlərinin illərin sınağından keçdiyi və möhkəm təməl üzərində qurulduğu vurğulanıb, dövlətlərimizin başçıları İlham Əliyevin və Si Cinpinin səyləri nəticəsində münasibətlərimizin dinamik, hərtərəfli inkişaf dövrünü yaşadığı və keyfiyyətcə yeni səviyyəyə yüksəldiyi diqqətə çatdırılıb.

Ölkələrimizin dostluq münasibətlərinin inkişafında AZƏRTAC və Sinxuanın əvəzolunmaz rol oynadığını vurğulayan Fu Hua rəhbərlik etdiyi agentliyin AZƏRTAC ilə əlaqələrin daha da genişlənməsinə böyük əhəmiyyət verdiyini diqqətə çatdırıb. O, iki agentliyin artıq neçə illərdir bir çox istiqamətdə uğurla əməkdaşlıq etdiyini vurğulayaraq, müasir çağırışlar fonunda əməkdaşlığın, xüsusən də xəbər mübadiləsi sahəsində daha da dərinləşdirilməsi zərurətinin yarandığını deyib. Sinxua prezidenti Azərbaycanın və Çinin media qurumlarının iqtisadi mövzularda sıx xəbər mübadiləsinin ölkələrimizin iqtisadi-ticari əməkdaşlığına töhfə verdiyini, iki ölkənin müvafiq sahədə dövlət və özəl sektor üçün faydalı məlumat mənbəyi rolunu oynadığını deyib.

Fu Hua Sinxuanın təşəbbüs və layihələrində AZƏRTAC-ın yaxından iştirakını məmnunluqla vurğulayıb, Quancou şəhərində keçirilən 5-ci Dünya Media Sammitində Azərbaycan nümayəndə heyətinin iştirakına görə təşəkkür edib.

Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə olduğu kimi, media sahəsində də qarşılıqlı faydalı şəkildə inkişaf etdiyini bildirib.

AZƏRTAC və Sinxua arasında əməkdaşlığın bu il 20 illiyinin tamam olduğunu diqqətə çatdıran V.Əliyev xəbər və təcrübə mübadiləsinin, layihələrdə birgə iştirakın, beynəlxalq platformalarda qarşılıqlı dəstəyin agentliklərimizin sıx əməkdaşlığının göstəricisi olduğunu deyib. O, AZƏRTAC ilə Sinxuanın media sahəsində əməkdaşlığının nümunəvi xarakter daşıdığını, işbirliyinin daha da dərinləşdirilməsi üçün qarşılıqlı səfərlərin və birgə tədbirlərin əhəmiyyətini vurğulayıb.

Azərbaycan nümayəndə heyətinə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Xarici media ilə iş sektorunun müdiri Orxan Səttarov daxildir.

1 / 3