Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində fəaliyyət göstərən əməkdaşların etik davranış Qaydaları
1. Ümumi müddəalar
1.1. “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində fəaliyyət göstərən əməkdaşların etik davranış Qaydaları” (bundan sonra – Qaydalar) Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində (bundan sonra – Agentlik) fəaliyyət göstərən əməkdaşların (bundan sonra – əməkdaşlar) etik davranış qaydalarını və onlara əməl edilməsi ilə bağlı münasibətləri müəyyən edir.
1.2. Qaydaların məqsədləri aşağıdakılardır:
1.2.1. Agentliyin nüfuzunun artırılması, vətəndaşların Agentliyə etimadının yüksəldilməsi;
1.2.2. media subyektləri və jurnalistlərin çağırışlarına hazır, müasir düşüncəli, operativ və öz davranışları ilə nümunə olacaq əməkdaşların formalaşdırılması;
1.2.3. Agentliyin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması, korrupsiyanın və maraqların toqquşmasının qarşısının alınması;
1.2.4. əməkdaşlar tərəfindən etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi, onların üzərinə qanunvericiliklə, həmçinin müvafiq vəzifə təlimatları ilə (bundan sonra – hüquqi aktlar) qoyulmuş vəzifələrin layiqincə yerinə yetirilməsi, vətəndaşların Agentliyin əməkdaşlarından gözlənilən davranışlar barədə məlumatlandırılması.
2. Əməkdaşların xidməti və xidmətdən kənar davranışı
2.1. Əməkdaşların xidməti davranışı hüquqi aktlarla onlara verilmiş hüquqların həyata keçirilməsi və vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar fəaliyyətidir. Əməkdaşların xidməti davranışı Qaydalarla müəyyən edilmiş etik davranış qaydalarına və prinsiplərinə əsaslanmalıdır.
2.2. Əməkdaş vicdanlı davranış tələbinin pozulması hallarına yol verməməli, bu istiqamətdə:
2.2.1. xidməti vəzifəsini həyata keçirərkən süründürməçilik hallarına yol verməməli və bu cür halların əmələ gəlməsinə şərait yaratmamalı;
2.2.2. operativ, qərəzsiz, nəzakətli, qayğıkeş, diqqətli, səbrli, özünə və ətrafdakılara qarşı tələbkar olmalı;
2.2.3. şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə əmək və icra intizamına riayət edərək vəzifə funksiyalarını vicdanla, qərəzsiz və keyfiyyətlə yerinə yetirməli, habelə iş vaxtından səmərəli istifadə etməli;
2.2.4. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq şəxslərin qəbulundan əsassız olaraq imtina etməməli, şəxs aidiyyəti üzrə müraciət etməmişdirsə, ona hara müraciət etməsi barədə məsləhətlər verməli, daxil olmuş müraciətləri mahiyyəti üzrə cavablandırmalıdır.
2.3. Əməkdaşlar peşəkarlıq və fərdi məsuliyyətin artırılması ilə bağlı:
2.3.1. öz xidməti vəzifələrinin icrası ilə birbaşa bağlı olmayan xidməti məsələlərə müdaxilə etməməli;
2.3.2. xidməti vəzifələrini diqqətli, dəqiqlik və peşəkarlıqla yerinə yetirməli və bu zaman prinsipial, qərəzsiz, obyektiv və məsuliyyətli olmalı;
2.3.3. iş vaxtı ərzində iş rejiminin pozulmasına səbəb olan hərəkətlərə yol verməməli;
2.3.4. mütəmadi olaraq özlərini inkişaf etdirməli, bu sahədə baş verən yenilikləri bilməli, innovativ texnologiyaları media sahəsinə və öz vəzifə funksiyalarına tətbiq etməlidir.
2.4. Əməkdaş loyallıq prinsipinin tələblərinə əməl etməli, bu istiqamətdə:
2.4.1. rəhbərlikdə, kollektivdə və ictimaiyyətdə həqiqətə uyğun olmayan, Agentliyin nüfuzuna xələl gətirən və ya gətirə biləcək məlumatları yaymamalı;
2.4.2. Agentliyin fəaliyyətinə aid hər hansı iş barədə məlumatı yalnız rəhbər tərəfindən icazə verildiyi halda rəsmi açıqlamalı;
2.4.3. mətbuata birbaşa müsahibə verməməli və müsahibə ilə bağlı təklif aldıqda sorğunu məsul şəxsə yönəltməlidir.
2.5. Əməkdaş Azərbaycan Respublikasının, Agentliyin nüfuzunu möhkəmləndirməyə çalışmalı, bu istiqamətdə:
2.5.1. qanunvericilikdə müəyyən edilən hallar istisna olmaqla, xidməti fəaliyyətini həyata keçirən zaman dövlət dilində danışmalı;
2.5.2. digər əməkdaşlar və şəxslər ilə aralarında yaranan mübahisələrin Agentliyin nüfuzuna xələl gətirməsinə yol verməməli;
2.5.3. kollektivdə gərginlik yaratmamalı və yaranan anlaşılmazlıqların aradan qaldırılmasına çalışmalı;
2.5.4. özünə qarşı tələbkar olmalı, etik davranış qaydalarının digər əməkdaş tərəfindən pozulması halları ilə rastlaşdıqda, onu bu pozuntunun aradan qaldırılması üçün təşviq etməli, pozuntular davam etdikdə bu haqda aidiyyəti üzrə məlumat verməlidir.
2.6. Əməkdaş xidməti fəaliyyətində insanların hüquq, azadlıq və qanuni maraqlarının təmin olunması, qorunması və müdafiəsinə xidmət etməli, bu istiqamətdə:
2.6.1. xidməti fəaliyyəti ilə bağlı əldə etdiyi məlumatların konfidensiallığını iş vaxtından sonra da qorumalı;
2.6.2. insanların şərəf, ləyaqət və işgüzar nüfuzunu, o cümlədən hüquqi şəxslərin işgüzar nüfuzunu ləkələyə biləcək qərarlara və hərəkətlərə (hərəkətsizliyə) yol verməməli;
2.6.3. digər əməkdaşlara qarşı təhqiredici və hədələyici sözlər işlətməməli, əməkdaşların şərəf və ləyaqətini alçaldan davranışlara yol verməməli;
2.6.4. digər əməkdaşın xidməti fəaliyyətini həyata keçirməsinə maneələr yaratmamalı;
2.6.5. cəmiyyətdə media sahəsində müşahidə etdikləri nöqsan və problemlərin aradan qaldırılması istiqamətində səy göstərməli;
2.6.6. media subyektləri və jurnalistlərə münasibətdə daha nəzakətli, diqqətli, qayğıkeş olmalı və onlara problemlərin həllində köməklik göstərməli;
2.6.7. media subyektləri və jurnalistlərin müraciətlərini dəqiq, dolğun və ətraflı şəkildə cavablandırmalı;
2.6.8. əməkdaşlar və digər şəxslərin fikirlərinə hörmətlə yanaşmalıdır.
2.7. Əməkdaş xidməti fəaliyyətini həyata keçirərkən mədəni davranmalı, bu istiqamətdə:
2.7.1. nitq mədəniyyətinə riayət etməli, şəxslərlə ünsiyyət zamanı onları diqqətlə və səbirlə dinləməli, nəzakətli olmalı;
2.7.2. əməkdaşlara və digər şəxslərə qarşı təhqiredici və hədələyici ifadələr işlətməməli, qısnama və narahat etmə hallarına yol verməməli;
2.7.3. qeyri-mədəni davranışla bağlı hər hansı şəxslə münasibətdə anlaşılmazlıq yarandığı halda bilavasitə rəhbərinə məlumat verməli;
2.7.4. “Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməli;
2.7.5. iş vaxtında üzrlü səbəblər istisna olmaqla, iş rejiminin pozulması hallarına yol verməməli;
2.7.6. xidməti zərurətlə bağlı hallar istisna olmaqla, iş yerinə modern və sadə üslubda olan, parlaq və diqqət cəlbedici olmayan geyimlərlə gəlməli, xarici görünüşünü təmiz və səliqəli saxlamalıdır.
2.8. Əməkdaşın birbaşa və ya yuxarı rəhbərinin qanuna uyğun və səlahiyyətləri daxilində qəbul etdiyi əmr, sərəncam və ya tapşırıqlarının yerinə yetirilməsi ilə bağlı:
2.8.1. verilən tapşırıqları qanunvericiliyin müəyyən etdiyi müddət ərzində yerinə yetirməyə çalışmalı;
2.8.2. ona həvalə edilən işlərin rəhbərin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi yazılı əmr və sərəncamlarda müəyyən edilən müddətdə həyata keçirilməsinə diqqət etməli;
2.8.3. əmr, sərəncam və tapşırıqların icrası ilə əlaqədar rəhbərliyi mütəmadi olaraq məlumatlandırmalı;
2.8.4. rəhbər vəzifələrdə çalışan əməkdaşlarla qulluq münasibətlərində subordinasiyaya riayət etməli;
2.8.5. əmr, sərəncam və ya tapşırığı qeyri-etik, normativ hüquqi aktlara zidd hesab etdiyi halda dərhal onu vermiş rəhbər vəzifəli şəxslə əlaqə saxlayıb məsələni aydınlaşdırmalıdır.
2.9. Əməkdaş qərəzsiz olmalı, bu istiqamətdə:
2.9.1. xidməti vəzifəsini yerinə yetirdiyi zaman insanların irqinə, milliyyətinə, dininə, dilinə, cinsinə, sosial mənşəyinə, əmlak və qulluq vəziyyətinə, əqidəsinə, ictimai və ya hər hansı digər birliyə mənsubiyyətinə görə ayrı-seçkiliyə yol verməməli;
2.9.2. qulluq mövqeyindən istifadə edərək digər əməkdaşı qanuna zidd hərəkətə (hərəkətsizliyə) sövq etməməlidir.
2.10. Əməkdaş qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə edilməyə yönəlmiş aşağıdakı hərəkətlərə yol verməməli, bu istiqamətdə:
2.10.1. öz məqsəd və mənafeyi üçün digər əməkdaşları və ya şəxsləri onların hər hansı hərəkətinə görə təhdid etməməli;
2.10.2. irəli çəkilməsi, mükafatlandırılması, imtiyazların əldə edilməsi üçün müəyyən olunmuş qaydalara zidd yollar axtarmamalı, kənar vasitəçilərin bu məsələyə müdaxiləsinə şərait yaratmamalı;
2.10.3. nəqliyyat, xidmət və digər sahələrdə hər hansı üstünlük əldə etmək məqsədi ilə öz statusundan istifadə etməməli;
2.10.4. şəxslərə əvəzsiz göstərilməsi nəzərdə tutulan xidmət üçün onlardan haqq tələb etməməlidir.
2.11. Korrupsiyanın qarşısının alınması ilə bağlı əməkdaş aşağıdakılara əməl etməli:
2.11.1. ona təklif edilən qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyaz və ya güzəştlərdən imtina etməli;
2.11.2. yuxarıda qeyd edilənlər əməkdaşın xəbəri olmadan və ya digər ondan asılı olmayan səbəblərdən verilərsə, bu barədə rəhbərinə məlumat verməli;
2.11.3. Agentliyin tərəf olduğu əqdlərdə qarşı tərəf və ya onun nümayəndəsi kimi iştirak etməməlidir.
2.12. Əməkdaş hədiyyə qəbul etməklə bağlı aşağıdakı məhdudiyyətləri nəzərə almalı:
2.12.1. xidməti vəzifələrinin qərəzsiz icrası (icra etməməsi) ilə bağlı məsələlərdə ona təsir etmək cəhdlərinin qarşısını qətiyyətlə almalı, belə cəhdlərin mövcudluğunu ehtimal etməyə əsas olduqda heç kimdən hər hansı formada hədiyyə, bəxşiş, ödənc və s. tələb və ya qəbul etməməli;
2.12.2. yuxarıda qeyd edilən hallar barədə dərhal bilavasitə rəhbərinə məlumat verməlidir.
2.13. Əməkdaş maraqlar toqquşmasının qarşısının alınması üçün aşağıdakı tədbirləri görməli:
2.13.1. öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadəyə yol verməməli;
2.13.2. xidməti vəzifələri ilə onun şəxsi maraqları arasında ziddiyyət yaranan hallarda, həmin maraqların xarakteri barədə bilavasitə rəhbərinə məlumat verməli;
2.13.3. başqa vəzifəyə keçmə ilə əlaqədar təkliflərin maraqlar toqquşmasına səbəb ola biləcəyi hallarda bu barədə Agentliyin rəhbərinə məlumat verməlidir.
2.14. Əməkdaş istifadəsində olan dövlət əmlakını istifadə edərkən aşağıdakıları nəzərə almalı:
2.14.1. Agentliyin resurslarının təhlükəsizliyini təmin etməli və onlardan xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməməli;
2.14.2. əməkdaşlar iş otaqlarını səliqəli saxlamalı, istifadəsində olan rabitə, texniki avadanlıqlara qarşı diqqətli və ehtiyyatı olmalı, kağız və digər ləvazimatlardan qənaətlə və səmərəli istifadə etməli;
2.14.3. Agentliyin rəsmi elektron poçt ünvanından yalnız xidməti fəaliyyəti ilə bağlı istifadə etməlidir.
2.15. Əməkdaş çalışdığı qurumun sərəncamında olan məlumatı aşağıdakı şəkildə istifadə etməli:
2.15.1. qanunvericiliklə müəyyən olunmuş qaydada əldə olunması və yayılmasının mümkünlüyünü təmin etməli;
2.15.2. xidməti informasiyanı təqdim edəcəyi tədbirlərdə iştirakı (əvvəlcədən) və həmin tədbirlərin nəticəsi barədə bilavasitə rəhbərini məlumatlandırmalı;
2.15.3. xidməti fəaliyyəti zamanı əldə etdiyi məlumatları şəxsi maraqları üçün istifadə etməməli;
2.16. əməkdaşın ictimai və ya siyasi fəaliyyəti onun xidməti vəzifələrini qərəzsiz və obyektiv yerinə yetirməsinə maneçilik törətməməli, o, qulluq mövqeyindən istifadə edərək digər əməkdaşları bu fəaliyyətlərdə iştirak etməyə təhrik etməməli;
2.17. əməkdaş xidmətdən kənar davranışında vəzifələrinin icrası ilə bir araya sığmayan hərəkətlərə yol verməməli, xidməti fəaliyyətinin düzgünlüyünə, obyektivliyinə və qərəzsizliyinə və ya qurumun nüfuzuna və adına xələl gətirməməli;
2.18. əməkdaşlar qurumun fəaliyyəti haqqında izahat vermək, sosial şəbəkələrdə ictimai mülahizələr aparmaq və müzakirələrdə iştirak etmək kimi xidməti vəzifələrinin icrasına bilavasitə aid olmayan fəaliyyətlərində Agentliyin nüfuzuna, adına xələl gətirən hər cür davranışdan çəkinməli, bu Qaydalar ilə tənzimlənən prinsiplərə əməl etməlidir.
3. Qaydalara əməl olunmasının təminatı
3.1. Qaydalar Agentliyin rəsmi internet səhifəsi vasitəsilə ictimaiyyətə açıqlanır. Bu Qaydalar Agentlikdə fəaliyyətə yeni başlayan hər bir əməkdaşa məsul şəxs tərəfindən verilir və həmin Qaydalara riayət etməsi rəhbər tərəfindən mütləq nəzərə alınır.
3.2. Agentliyin İcraçı direktoru (bundan sonra – İcraçı direktor) Qaydalara əməl edilməsinə nəzarəti müntəzəm həyata keçirir. Etik pozuntuların araşdırılması və müvafiq intizam tənbeh tədbirlərinin tətbiq edilməsi ilə bağlı təklifləri təqdim etməsi üçün İcraçı direktor tərəfindən etik məsələlər üzrə məsul şəxs (etik müvəkkil) təyin olunur.
4. Rəhbərlik tərəfindən həyata keçirilən nəzarət
4.1. Qaydalara əməl olunmasına nəzarət İcraçı direktor tərəfindən həyata keçirilir.
4.2. İcraçı direktor tərəfindən etik davranış qaydalarına əməl edilməsi ilə bağlı aşağıdakılar həyata keçirilir:
4.2.1. əməkdaşların xidməti davranışlarının Qaydaların müddəalarına uyğunluğuna nəzarət edilir və onların təhlili aparılır;
4.2.2. Qaydaların tələblərinin pozulmasının qarşısının alınması və profilaktikası üzrə tədbirlər görülür;
4.2.3. Qaydaların tələblərinin pozulması halları ilə bağlı həyata keçirilmiş tədbirlər barədə maraqlı tərəflər məlumatlandırılır;
4.2.4. Qaydaların tələblərini pozan əməkdaşların intizam məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görülür;
4.2.5. Qaydaların tələblərini pozan əməkdaşlar barəsində qanunvericiliyin tələblərinə uyğun digər tədbirlər görülür.
5. Etik davranış qaydalarının pozulmasına görə məsuliyyət
5.1. Qaydaların tələblərinin pozulması əməkdaşların intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Əməkdaş Qaydaların tələblərini pozduqda İcraçı direktor ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər:
5.1.1. töhmət vermək;
5.1.2. sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək;
5.1.3. aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək;
5.1.4. əmək müqaviləsini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək.
5.2. İcraçı direktor intizam tənbehini verərkən əməkdaşın şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Qaydaların 5.1-ci bəndində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan əməkdaşa yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.
5.3. İcraçı direktorun bu Qaydaların 5.1-ci bəndində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir. İcraçı direktor inzibati və ya cinayət məsuliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edilir.
5.4. İntizam tənbehi verilməmişdən əvvəl İcraçı direktor əməkdaşdan yazılı izahatın verilməsini tələb edir. Əməkdaşın yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.
5.5. İntizam tənbehi əməkdaş tərəfindən Qaydaların tələblərinin pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Əməkdaşın xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.
5.6. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra əməkdaşa intizam tənbehi verilə bilməz. Agentliyin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə əməkdaşa həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir.
5.7. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş əməkdaş barəsində intizam tənbehini tətbiq edən Agentlik intizam tənbehinin qanunla müəyyən edilmiş hallardan irəli gəlməsini və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumata aidiyyəti olmadığını əsaslandırmalıdır.
5.8. İntizam tənbehi yalnız əməkdaş ilə əmək müqaviləsi bağlamaq, onun şərtlərini dəyişdirmək və ona xitam vermək səlahiyyətinə malik olan İcraçı direktor tərəfindən verilə bilər.
5.9. İcraçı direktordan başqa digər vəzifəli şəxslərin əməkdaşlara intizam tənbehi verməyə ixtiyarı yoxdur. Əgər bu qaydaların əksinə olaraq əməkdaşlara intizam tənbehi onu vermək səlahiyyəti olmayan vəzifəli şəxs tərəfindən verilibsə, onun əmri hüquqi qüvvəsi olmayan puç (əhəmiyyətsiz) əmr hesab edilir.
5.10. Bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz.
5.11. İntizam tənbehi əməkdaşa işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində əməkdaşa intizam tənbehi verilə bilməz.
5.12. İntizam tənbehi İcraçı direktorun əmri ilə verilir. Əməkdaş həmin əmrlə tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır.
5.13. İntizam tənbehi verilməsi barədə əmrdə əməkdaşın şərəf və ləyaqətini alçaldan, onun şəxsiyyətini, mənəvi hisslərini gözdən salan, habelə intizamsızlığına görə qisas almaq motivli məlumatların göstərilməsi yolverilməzdir.
5.14. İntizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur.
5.15. Əməkdaş verilən intizam tənbehindən nəticə çıxararaq əmək funksiyasını yüksək səviyyədə yerinə yetirərsə, Qaydaların tələblərini pozmazsa, işəgötürən işdə fərqləndirilmə qaydasında intizam tənbehini vaxtından əvvəl öz əmri (sərəncamı, qərarı) ilə ləğv edə bilər.
5.16. Əməkdaş intizam tənbehi verilərkən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər.
5.17. İntizam tənbehinin qüvvədə olduğu müddət ərzində əmək funksiyasını yüksək peşəkarlıqla yerinə yetirdiyinə, Qaydaların tələblərinə əməl etdiyinə görə əməkdaş hər hansı həvəsləndirmə vasitələri ilə mükafatlandırılarsa, həmin mükafatlandırıldığı gündən ona verilmiş intizam tənbehi qüvvədən düşmüş hesab edilir.
5.18. Əməkdaş onun təqsiri üzündən dəymiş zərər üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maddi məsuliyyət daşıyır. Onun qanuna uyğun hərəkətləri nəticəsində dəymiş zərərin əvəzi tam həcmdə dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.