
Beynəlxalq Media Forumun iştirakçıları Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olublar
22 iyul tarixində Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə Şuşada keçirilən “Mediada qlobal trendlər, yeni çağırışlar” Beynəlxalq Media Forumun iştirakçıları Füzuli Beynəlxalq Hava Limanında olublar. Forum iştirakçılarına Füzuli Beynəlxalq Hava Limanı barədə ətraflı məlumat verilib. Qonaqlar hava limanında yaradılan şəraitlə tanış olublar. Bildirilib ki, Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı ən müasir standartlara uyğun inşa olunub. Hava limanının istənilən tip hava gəmisini qəbul etmək imkanları var. Uçuş-enmə zolağının uzunluğu 3000, eni isə 60 metrdir. Burada bütün işlər beynəlxalq standartlara uyğun həyata keçirilib. Hava limanında baqaj konveyerləri, qeydiyyat sistemi, VIP zallar, mağazalar, restoranlar və digər zəruri məntəqələrin mövcudluğu qonaqların diqqətinə çatdırılıb. Bu cür hava limanının qısa müddətdə və yüksək keyfiyyətlə inşasının Azərbaycan dövlətinin qüdrətini göstərməklə yanaşı, həm də işğaldan azad edilmiş rayonlarımızın tezliklə bərpa olunacağının, oraya ən qısa vaxtda həyatın qayıdacağının bariz nümunəsi olduğu bildirilib. Bu hava limanının istifadəyə verilməsinin bölgəyə səfər edənlərin rahatlığını təmin etdiyi, işğaldan azad olunmuş torpaqlarımızda aparılan quruculuq işlərinin daha da sürətlənməsinə töhfə verdiyi, nəinki Füzulinin, ümumilikdə bölgənin sosial-iqtisadi inkişafında müstəsna rol oynadığı vurğulanıb.