Beraber seckiqabagi tesviqat imkanlari ve media subyektlerinin seckilerde fealiyyetinin esaslarina hesr edilen musavire kecirilib

Bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin seçkilərdə fəaliyyətinin əsaslarına həsr edilən müşavirə keçirilib

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar müxtəlif istiqamətlərdə maarifləndirmə layihələrinin həyata keçirilməsi intensiv davam etdirilir. Silsilə tədbirlər çərçivəsində yanvarın 11-də Bakıda Mərkəzi Seçki Komissiyasının (MSK), Medianın İnkişafı Agentliyinin, Audiovizual Şura və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin seçkilərdə fəaliyyətinin əsasları mövzusunda müşavirə keçirilib.

Tədbirin məqsədi media subyektlərinin prezident seçkilərində sərbəst fəaliyyətinin daha da təkmilləşdirilməsi və məlumatlılıq səviyyəsinin yüksəldilməsindən ibarətdir.

MSK sədri Məzahir Pənahov tədbirdə çıxış edərək media nümayəndələrinin ilk gündən bütün seçki prosesinin içində olduğunu və məsələləri hərtərəfli işıqlandırdıqlarını deyib, onların seçkilərdəki rolunun yüksək tutmasının vacibliyini qeyd edib. 

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, seçkilərin mediada işıqlandırılması, səmərəli kommunikasiyanın qurulması üçün bütün imkanlar yaradılmışdır. O qeyd edib ki, söz və məlumat azadlığının təmin edilməsi, mütərəqqi qanunvericilik bazasının formalaşdırılması, redaksiyaların müstəqilliyinin gücləndirilməsi istiqamətində son illər həyata keçirilən sistemli tədbirlər nəticəsində Azərbaycan mediasının peşəkarlıq səviyyəsi daha da yüksəlmiş, jurnalistikamız keyfiyyətli inkişaf mərhələsinə qədəm qoymuşdur.

Audiovizual Şuranın sədri İsmət Səttarov diqqətə çatdırıb ki, seçkiqabağı təşviqatda ən böyük məsuliyyət ictimai yayımçının üzərinə düşür. Dövlət büdcəsindən maliyyələşən yayımçıların hamısı ictimai yayımçı funksiyası daşısa da, məhz seçkiqabağı təşviqat qanunla ictimai yayımçı kimi tanınan İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən həyata keçirilməlidir. Dövlətə məxsus olan yayımçılar vasitəsilə seçkiqabağı təşviqat aparılmır.

Mətbuat Şurasının sədri Rəşad Məcid Azərbaycan mediasının zəngin seçki təcrübəsinə malik olduğunu deyib. O, eyni zamanda, seçkiqabağı təşviqat, xüsusilə ödənişli və ödənişsiz təşviqatın aparılması ilə bağlı Mərkəzi Seçki Komissiyasının üzvlərinin fikirlərinə ehtiyac duyulduğunu qeyd edib.

Sonra MSK üzvləri “Azərbaycan Respublikası Prezidenti seçkilərində seçkiqabağı təşviqata dair ümumi tələblər, seçkiqabağı təşviqat subyektləri, onların hüquq və vəzifələri”, “Ödənişli və ödənişsiz əsaslarla aparılan seçkiqabağı təşviqat prosesində media subyektlərinin rol və vəzifələri” mövzularında çıxış ediblər.

Təqdimatlar zamanı iştirakçılara, həmçinin seçki prosesinin ictimailəşdirilməsi, aşkarlığın və şəffaflığın təmin olunması, eləcə də seçkiqabağı təşviqat mərhələsində və səsvermə günü medianın rol və vəzifələri barədə ətraflı məlumat verilib.

Təşkilatçı qurumların rəhbərləri və təmsilçiləri ilə yanaşı, aparıcı media subyektlərinin rəhbərlərinin və nümayəndələrinin də iştirak etdikləri müşavirə mövzular ətrafında fikir mübadiləsi və sual doğuran məsələlərin müzakirəsindən sonra işini başa çatdırıb.

1 / 1