Azərbaycan nümayəndə heyəti Daşkənddə keçirilən seminarda iştirak edir
Özbəkistanın paytaxtı Daşkənd şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrinin nazirlikləri və dövlət qurumlarının mətbuat xidmətləri üçün “İnformasiya xidmətləri–2024: yerli və xarici təcrübə” adlı seminar keçirilir.
Tədbirdə Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri Vüqar Əliyev, Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəis müavini–şöbə müdiri Vasif Əliyev, həmçinin bir sıra dövlət qurumlarının mətbuat xidmətlərinin rəhbərləri iştirak edirlər.
Özbəkistanın İnformasiya və Kütləvi Kommunikasiya Agentliyi tərəfindən təşkil olunan tədbirdə türk dövlətlərinin müvafiq qurumları arasında səmərəli kommunikasiyanın qurulması, qarşılıqlı informasiya mübadiləsi və dialoqun aparılmasından danışılıb. Qeyd olunub ki, TDT üzv ölkələrlə yalnız iqtisadi və mədəni əlaqələrin möhkəmləndirilməsi istiqamətində deyil, həmçinin informasiya sahəsində əməkdaşlığın genişləndirilməsinə diqqət yetirir. Buraya, eyni zamanda, feyk xəbərlərlə və dezinformasiya ilə birgə mübarizə, qurumlar arasında operativ dialoq daxildir. Bu məqsədlə üzv ölkələrin media və dövlət qurumlarının nümayəndələri mütəmadi olaraq Azərbaycan, Türkiyə və Qazaxıstanda keçirilən treninqlərdə iştirak edirlər.
Seminarda Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin departament direktoru Rasim Bağırov Azərbaycanda KİV-lər, medianın inkişafı tendensiyaları, dövlət qurumları ilə media arasında əlaqələr barədə məlumat verib. Bundan başqa, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın müvafiq qurumlarının nümayəndələrinin məruzələri dinlənilib.
Tədbir mayın 30-dək davam edəcək.