2-ci Şuşa Qlobal Media Forumun iştirakçıları Laçın şəhərinə səfər edib, “HoçazFilm” yaradıcılıq studiyası ilə tanış olublar
İyulun 22-də 2-ci Şuşa Qlobal Media Forumun qonaqları yenidən qurulan, abadlaşan Laçın şəhərinin gəzməli-görməli yerləri, qədim tarixi abidələri və “Hoçazfilm” yaradıcılıq studiyasını ziyarət ediblər.
Səfər çərçivəsində işğaldan azad edilmiş ərazilərimizin tarixi, coğrafi, mədəni irsi, Laçın şəhərində aparılan bərpa-quruculuq işləri ilə bağlı geniş məlumat verilib. Sonra qonaqlar Qarabağın çoxşaxəli nadir yaradıcılıq məkanı layihəsi olan “Hoçazfilm” yaradıcılıq studiyasında olublar. Bildirilib ki, studiyanın adı Laçın rayonunun əsas rəmzlərindən sayılan Hoçaz qayalıqlarının adından götürülüb və studiya film istehsalçılarına bölgənin zəngin təbiəti, imkanları ilə bağlı bələdçilik və lokasiya xidmətləri göstərəcək, onları müvafiq avadanlıqla təmin edəcək. Həmçinin qonaqlar pavilyonda quraşdırılmış təyyarə, helikopter, həbsxana, elmi laboratoriya və üçtərəfli yaşıl ekran dekorasiyalarına baxış keçiriblər.
Daha sonra qonaqlar Seyrəngah ərazisinə gəlib, burada onlara Laçın şəhərinin tarixi barədə məlumat verilib.