Fərmanlar

1. Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında

Azərbaycan Respublikası Prezdentinin Fərmanı

Ötən əsrin 90-cı illərində Azərbaycan Respublikasında dövlət müstəqilliyi bərpa edildikdən sonra müasir medianın formalaşması və inkişafı üçün geniş imkanlar yaranmışdır. Həyata keçirilmiş köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılmış, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası formalaşdırılmış, redaksiyaların davamlı inkişafı, onların iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin sərbəst fəaliyyətinin təmin edilməsi məqsədilə ardıcıl tədbirlər görülmüşdür.

Ötən dövr ərzində Azərbaycan mediası özünəməxsus inkişaf yolu keçmiş, ölkəmizdə və dünyada baş verən hadisələrlə bağlı cəmiyyətin məlumatlandırılması, xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərmişdir. Bununla yanaşı, Azərbaycanda cəmiyyət həyatının hər bir sahəsini əhatə edən köklü islahatların həyata keçirildiyi, habelə bütün dünyanı əhatə edən vahid informasiya məkanında yeniliklərin intensiv xarakter aldığı, kommunikasiya vasitələrinin sürətlə inkişaf etdiyi, mütərəqqi texnologiyaların, iş metodlarının tətbiq olunduğu müasir dövrdə media sahəsində keyfiyyət dəyişikliklərinə ehtiyac vardır.

Qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğun olaraq modernləşmə, rasionallıq, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi və digər mühüm şərtləri özündə birləşdirən innovativ təkamülün yaratdığı imkanlardan Azərbaycan mediasının daha çox bəhrələnməsi, onun şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan, cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırılması üçün bu sahədə əsaslı islahatlar aparılmasına zərurət yaranmışdır.

Azərbaycan Respublikasında medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılsın.

2. “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

3. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (bundan sonra – Agentlik) Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun hüquqi varisidir, onun hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir.

4. Agentliyin nizamnamə fondu 285 405 (iki yüz səksən beş min dörd yüz beş) manat təşkil edir və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.

5. Müəyyən edilsin ki:

5.1. Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədr və 4 (dörd) üzvdən ibarət Müşahidə Şurası həyata keçirir; [1]

5.2. Agentliyin fəaliyyətinə cari rəhbərliyi Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor həyata keçirir;

5.3. Agentliyin saxlanma xərcləri və fəaliyyəti dövlət büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşir.

6. Agentliyin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

6.1. Azərbaycan Respublikasının Prezidentinə:

6.1.1. Agentliyin nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;

6.1.2. Agentliyin idarəetmə orqanlarının yaradılması, idarəetmə orqanlarının rəhbərlərinin (üzvlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi;

6.1.3. Agentliyin ləğvi və yenidən təşkili;

6.1.4. nizamnaməsində nəzərdə tutulmayan məqsədlər üçün Agentliyin mənfəətinin dövlət büdcəsinə köçürülməsi barədə qərar qəbul edilməsi;

6.1.5. Agentliyin işçilərinin say həddinin və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğinin təsdiqi; [2]

6.1.6. Agentliyin təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərin yaradılmasına razılıq verilməsi;

6.2. Agentliyə:

6.2.1. Agentliyin strukturunun, əməyin ödənişi fondunun, işçilərinin say həddinin və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğinin Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiqi; [3]

6.2.1. bu Fərmanın 6.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

7. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası:

7.1. “Media haqqında” Azərbaycan Respublikası qanununun layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

7.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

8. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

8.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

8.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

8.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

8.4. dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində Agentliyin inzibati bina ilə təmin edilməsi və maddi-texniki təminatı məsələlərini həll etsin;

8.5. Agentlik “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun balansındakı əmlakın Agentliyin balansına verilməsini təmin etsin;

8.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

9. Agentlik:

9.1. Agentliyin işçilərinin say həddi və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləği barədə təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

9.2. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun işçilərinin Agentlikdə müvafiq vəzifələrə təyin olunmaları ilə bağlı tədbirlər görsün və nəticəsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin;

9.3. Agentliyin dövlət qeydiyyatına alınması üçün bu Fərman qüvvəyə mindiyi tarixdən 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət etsin;

9.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

10. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

10.1. bu Fərmanın 4-cü hissəsində və 5.3-cü bəndində nəzərdə tutulan maliyyələşməni təmin etsin;

10.2. Agentliyin saxlanılması və fəaliyyəti üçün tələb olunan vəsaiti hər il üçün dövlət büdcəsinin layihəsində nəzərdə tutsun.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 yanvar 2021-ci il
№ 1249
2. “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. iki ay müddətində:

1.1.1. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin və Azərbaycan Respublikası Audiovizual Şurasının (bundan sonra – Şura) yaradılması ilə əlaqədar normativ hüquqi aktların uyğunlaşdırılması ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.2. “Media haqqında” Azərbaycan Respublikası Qanununun pozulmasına görə inzibati məsuliyyəti müəyyən edən qanun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. üç ay müddətində:

1.2.1. həmin Qanunun 30.1-ci və 59.2-ci maddələrində nəzərdə tutulmuş siyahıya dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2.2. həmin Qanunun 73.6-cı maddəsinə uyğun olaraq, Media Reyestrinin aparılması qaydalarının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2.3. həmin Qanunun 29.4-cü və 33.5-ci maddələrində nəzərdə tutulmuş xidmət haqlarının məbləğini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.2.4. həmin Qanunun 70.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, jurnalist vəsiqəsinin formasını, onun verilməsinə və ya dəyişdirilməsinə görə ödənişin məbləğini və həmin vəsaitdən istifadə qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.2.5. həmin Qanunun 73.8-ci maddəsinə uyğun olaraq, Media Reyestri şəhadətnaməsinin formasını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. Şuranın inzibati bina ilə təmin edilməsi və maddi-texniki təminatı məsələlərini bir ay müddətində həll etsin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. “Media haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.18-ci, 1.1.19-cu, 5.6-cı, 10.1-ci, 10.2-ci, 11.3-cü, 12.2-ci maddələrində, 12.5-ci maddəsinin ikinci cümləsində, 12.6-cı maddəsində, 16.3-cü maddəsinin ikinci cümləsində, 17.5-ci, 26.7-ci, 29.4-cü, 30.1-ci, 33.5-ci maddələrində, 35.1-ci və 35.2-ci maddələrinin birinci cümlələrində, 38.4-cü, 41.4-cü maddələrində, 42.1-ci maddəsinin ikinci cümləsində, 45.2-ci, 47.1.8-ci, 47.1.9-cu, 48.2-ci maddələrində, 54.5-ci və 54.6-cı maddələrinin birinci və ikinci cümlələrində, 54.7-ci, 55.8-ci, 57.6-cı, 57.7-ci, 58.3-cü, 58.6-cı, 59.2-ci, 62.2-ci, 62.4-cü, 65.2-ci, 65.2.3-cü, 65.4-cü, 65.4.4-cü maddələrində, 70.1-ci maddəsinin birinci və ikinci cümlələrində, 70.2-ci maddəsinin ikinci və üçüncü cümlələrində, 70.3-cü maddəsinin ikinci cümləsində, 70.5-ci, 70.6-cı, 73.2-ci, 73.4-cü, 73.5-ci, 73.6-cı, 73.8-ci, 74.3-cü, 75.1.7-ci, 75.2-ci, 75.4-cü, 76.1.2-ci, 76.1.3-cü və 78.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin Qanunun 30.1-ci maddəsində, 42.1-ci maddəsinin ikinci cümləsində, 45.2-ci, 48.2-ci, 59.2-ci və 73.6-cı maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

2.3. həmin Qanunun 29.4-cü, 33.5-ci maddələrində, 70.1-ci maddəsinin ikinci cümləsində və 73.8-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

2.4. həmin Qanunun 11.3-cü maddəsində və 70.2-ci maddəsinin ikinci və üçüncü cümlələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi nəzərdə tutulur;

2.5. həmin Qanunun 5.6-cı, 10.1-ci, 10.2-ci, 12.2-ci maddələrində, 12.5-ci maddəsinin ikinci cümləsində, 12.6-cı maddəsində, 16.3-cü maddəsinin ikinci cümləsində, 17.5-ci, 26.7-ci, 54.7-ci, 55.8-ci, 57.6-cı, 58.3-cü, 62.2-ci, 65.2-ci, 65.2.3-cü, 65.4-cü, 65.4.4-cü maddələrində, 70.1-ci maddəsinin birinci cümləsində, 70.3-cü maddəsinin ikinci cümləsində, 70.5-ci, 70.6-cı, 73.2-ci, 73.4-cü, 73.5-ci, 74.3-cü, 75.1.7-ci, 75.2-ci, 75.4-cü, 76.1.2-ci, 76.1.3-cü və 78.3-cü maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi nəzərdə tutulur;

2.6. həmin Qanunun 41.4-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;

2.7. həmin Qanunun 1.1.18-ci, 38.4-cü, 47.1.9-cu maddələrində, 54.5-ci maddəsinin birinci və ikinci cümlələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;

2.8. həmin Qanunun 1.1.19-cu maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Radio Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;

2.9. həmin Qanunun 35.1-ci və 35.2-ci maddələrinin birinci cümlələrində, 47.1.8-ci maddəsində, 54.6-cı maddəsinin birinci və ikinci cümlələrində, 57.7-ci və 58.6-cı maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;

2.10. həmin Qanunun 62.4-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi nəzərdə tutulur.

3. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi:

3.1. “Media haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinə uyğun olaraq, Media Reyestrinin yaradılmasını Azərbaycan Respublikasının 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları” nəzərə alınmaqla altı ay müddətində təmin etsin və həmin bazanın Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası üçün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə zəruri tədbirlər görsün;

3.2. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

4. Müəyyən edilsin ki:

4.1. Şura Milli Televiziya və Radio Şurasının hüquqi varisidir, onun öhdəlikləri və əmlakı Şuraya keçir;

4.2. Milli Televiziya və Radio Şurasının səlahiyyət müddəti bitməmiş üzvləri həmin müddət bitənədək fəaliyyətlərini davam etdirirlər;

4.3. Şuranın strukturu və işçilərinin say həddi təsdiq edilənədək Milli Televiziya və Radio Şurasının Aparatı fəaliyyətini davam etdirir.

5. Şura:

5.1. Şuranın strukturunun layihəsini və işçilərinin say həddinə (Milli Televiziya və Radio Şurası Aparatının işçilərinin say həddindən az olmayaraq) dair təkliflərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.2. bu Qanundan irəli gələn digər məsələləri həll etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 fevral 2022-ci il
№ 1589
3. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 yanvar tarixli 1249 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 yanvar tarixli 1249 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 1, maddə 19, № 3, maddə 231, № 10, maddə 1112) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nizamnaməsi”nə aşağıdakı məzmunda 3.1.18-1-ci, 3.1.19-1-ci, 3.1.19-2-ci, 3.1.22-1–3.1.22-3-cü, 3.1.25-1–3.1.25-3-cü və 3.2.5-1-ci yarımbəndlər əlavə edilsin:

“3.1.18-1. Azərbaycan Respublikasından kənarda yerləşən media subyektlərinin fəaliyyətində “Media haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması halları aşkar edildikdə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və “Media haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tədbirləri həyata keçirmək;”;

“3.1.19-1. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmadıqda, redaksiyasının daimi yeri Azərbaycan Respublikasının hüdudlarından kənarda olan xarici çap mediası məhsulunun Azərbaycan Respublikasının ərazisində yayılması ilə bağlı məsələləri həll etmək;

3.1.19-2. “Media haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda çap mediası və onlayn media subyektlərinə xəbərdarlıq etmək, habelə onların fəaliyyətinin və media məhsullarının yayımlanmasının dayandırılması, eləcə də həmin subyektlərin fəaliyyətinə xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırmaq;”;

“3.1.22-1. Media Reyestrini formalaşdırmaq, aparmaq, idarə etmək, ondan istifadə edilməsinə və məlumatların mühafizəsinə nəzarət etmək;

3.1.22-2. Media Reyestrinə daxil edilmiş çap mediasının və onlayn medianın redaksiyasının loqotipinin (embleminin) dəyişdirilməsinə razılıq vermək;

3.1.22-3. Media Reyestrinə daxil edilmiş media subyektlərinə Media Reyestri şəhadətnaməsi, jurnalistlərə isə jurnalist vəsiqəsi vermək;”;

“3.1.25-1. əhəmiyyətli tədbirlərlə bağlı siyahını hər il növbəti il üçün elan etmək, bu siyahını özünün rəsmi internet saytında yerləşdirmək və onun müntəzəm olaraq yenilənməsini təmin etmək;

3.1.25-2. media subyekti Media Reyestrindən çıxarıldıqda özünün rəsmi internet saytında bu barədə məlumat yerləşdirmək;

3.1.25-3. jurnalist Media Reyestrindən çıxarıldıqda onun jurnalist vəsiqəsini ləğv etmək və bu barədə özünün rəsmi internet saytında məlumat yerləşdirmək;”;

“3.2.5-1. “Media haqqında” Azərbaycan Respublikası Qanununun 70.3-cü, 70.5-ci və 70.6-cı maddələrində nəzərdə tutulmuş hallarda jurnalist vəsiqəsinin təhvil verilməsini tələb etmək;”.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 fevral 2022-ci il
№ 1590
4. “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 6, maddə 1036; 2017, № 4, maddə 526, № 7, maddələr 1340, 1370, № 8, maddə 1521, № 12 (I kitab), maddə 2328; 2018, № 5, maddə 900, № 9, maddə 1825; 2019, № 1, maddə 58, № 4, maddə 618; 2020, № 5, maddə 541; 2021, № 5, maddə 435) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 3.2.1-ci yarımbəndə aşağıdakı məzmunda 8-ci abzas əlavə edilsin:

“8. ən azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxs;”;

2. 3.2.7-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 3.2.8-ci yarımbənd əlavə edilsin:

“3.2.8. ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxs.”.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 fevral 2022-ci il
№ 1591
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmişdir

Yeniliklərdən xəbərdar ol