Kommunikasiya

Şuşa Qlobal Media Forum işini yekunlaşdırıb
23 İyul, 2023

Şuşa Qlobal Media Forum işini yekunlaşdırıb

21-23 iyul tarixlərində “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda keçirilən Şuşa Qlobal Media Forum işini yekunlaşdırıb.

“Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı keçirilən Foruma 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Həmçinin, Forumda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edib.

Forum çərçivəsində dünyanın tanınmış və nüfuzlu media rəhbərləri, ekspertləri media və informasiya-kommunikasiya sahəsində qlobal səviyyədə mühüm aktuallıq kəsb edən məsələləri, o cümlədən rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər, rəqəmsal transformasiya, müasir informasiya mühitində media menecmenti və dayanıqlı media biznes modellərinin yaradılması, yeni mediada istehlak tendensiyaları və media savadlılığı, dezinformasiya və feyk nyusla mübarizə üsulları, jurnalistlərin təhlükəsizliyi və digər məsələləri müzakirə ediblər.

Panel sessiyalarda  dövrün yeni inkişaf mərhələsi olan “Sənaye 4.0”-ın media ilə əlaqəli gündəmə gətirdiyi bir çox yeni anlayışlar və müasir media üçün ehtiva etdiyi çağırışlar ətrafında təcrübə mübadiləsi aparılıb.

Eyni zamanda, üç gün müddətində Forum iştirakçıları üçün müxtəlif beynəlxalq layihələrin təqdimatı, sərgilər, mədəni tədbir, fotoqraf və televiziya jurnalistləri üçün təlimlər təşkil edilib, Forum gedişində çoxsaylı əməkdaşlıq müqavilələri imzalanıb.

Forum çərçivəsində Qoşulmama Hərəkatı Media platforması təşəbbüsü də irəli sürülüb.

Qeyd edək ki, bugünədək çoxsaylı beynəlxalq tədbirlərin keçirildiyi Şuşa şəhəri müstəqil Azərbaycanın tarixində ilk dəfədir dünyanın aparıcı media və jurnalist təşkilatları rəhbərlərini, media və informasiya-kommunikasiya sahəsində nüfuzlu ekspertləri, tanınmış jurnalistləri qlobal səviyyəli forumda bir araya toplayıb.

Məlumatı paylaş

Yeniliklərdən xəbərdar ol