Kommunikasiya

Əhməd İsmayılov: “Şuşa Forumunda Azərbaycan Prezidentinin iştirakı böyük əhəmiyyət daşıyırdı”
23 İyul, 2023

Əhməd İsmayılov: “Şuşa Forumunda Azərbaycan Prezidentinin iştirakı böyük əhəmiyyət daşıyırdı”

İyulun 23-də Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovun “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü münasibətilə keçirilən “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” Şuşa Qlobal Media Forumun yekunları ilə bağlı brifinqi keçirilib.

Brifinqdə Əhməd İsmayılov Forumun ilk günündə Prezident cənab İlham Əliyevin iştirakının və üç saat ərzində media nümayəndələrinin suallarını cavablandırmasının çox böyük əhəmiyyət daşıdığını bildirib. O həmçinin qeyd edib ki, cənab Prezident çıxışında Azərbaycanda media sahəsində islahatların istiqamətlərini də müəyyən edib.

Onun sözlərinə görə, Şuşa Qlobal Media Forumun əsas məqsədi müasir mediada gedən proseslərin daha dəqiq izlənilməsi, müzakirə olunması, fikir mübadilələrinin aparılması idi. Əhməd İsmayılov bütün Forum iştirakçıları, Azərbaycanın media subyektlərinin rəhbərləri, media menecerləri adından Prezident cənab İlham Əliyevə belə bir şərait yaratdığına görə dərin təşəkkürünü bildirib.

Brifinqdə panel müzakirələr zamanı ənənəvi medianın rolu və bundan sonrakı fəaliyyət istiqamətləri üzrə dərin müzakirələr aparıldığı vurğulanıb. Eyni zamanda, Forum çərçivəsində media savadlılığının dezinformasiyaya qarşı mübarizə üsulu kimi əsas istiqamət olduğu bildirilib və bununla bağlı media ekspertləri ilə təcrübə mübadiləsi həyata keçirilib.

Onun sözlərinə görə, belə forumların keçirilməsinin əsas məqsədi məhz Azərbaycan mediasında, ictimaiyyətində də media savadlılığı sahəsində həyata keçirilən prosesləri dünyada gedən proseslərə inteqrasiya etmək və vahid şəkildə tətbiq etməkdir.

Məlumatı paylaş

Yeniliklərdən xəbərdar ol