Kommunikasiya

Forum çərçivəsində Anadolu Agentliyi tərəfindən televiziya jurnalistləri üçün "Hərbi jurnalistika" mövzusunda təlim keçilib
23 İyul, 2023

Forum çərçivəsində Anadolu Agentliyi tərəfindən televiziya jurnalistləri üçün "Hərbi jurnalistika" mövzusunda təlim keçilib

“4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda keçirilən Şuşa Qlobal Media Forumu çərçivəsində iyulun 23-də Türkiyənin Anadolu Agentliyinin əməkdaşları tərəfindən "Hərbi jurnalistika"  mövzusunda təlim keçilib.

Təlim vəzifə borcunu yerinə yetirən jurnalistlərin qorunmasının vacibliyi ilə bağlı videoçarxın nümayişi ilə başlayıb. Anadolu Agentliyi Akademiyasının müdiri Cahangir İşbilir bildirib ki, hərbi jurnalistika ilə məşğul olan müxbir informasiyanı hazırlamaqla yanaşı özünümüdafiəni də yaxşı bilməlidir.

Akademiya rəhbəri hadisə zamanı ilkin tibbi yardım, sürətli avtomobil idarəetmə, bir sıra çevik fiziki hərəkətlər, qaz maskalarından istifadə, partlayışlar zamanı edilməli olan hərəkətlər barədə məlumat verib:

"Olduğunuz ərazilərin dilini, xəritələrini, mədəniyyətini də bilmək şərtdir. İlkin tibbi yardım sizə xəsarətlər zamanı lazım olar bilər. Ancaq psixoloji cəhətdən güclü olmaq da mühüm rol oynayır".

"Kiber texnologiyalar, uzaqdan idarəedilən silahlara bələd olmaq hər hansı hadisə zamanı atılacaq səhv addımların qarşısını almağa kömək edə bilər. Bu səbəbdən jurnalistlər gedəcəkləri yerlər barədə dolğun məlumatlar almalı, istifadə olunan silahlaradək məlumatlı olmalıdır" - deyə akademiya rəhbəri qeyd edib.

İştirakçılara şəxsi təhlükəsizlik, ilk yardım, müharibə zamanı davranış qaydaları, suda sağ qalma, kimyəvi və bioloji silahların tətbiqi zamanı qorunma, fövqəladə vəziyyətlərdə fəaliyyət və digər mövzularda məlumat verilib.

Jurnalistlər üçün, həmçinin böhran, təbii fəlakət və müharibə bölgələrində fəaliyyət göstərən media nümayəndələrinin qarşılaşa biləcəkləri çətinliklər və təhdidlərin dəf olunması mövzularında da təlimlər keçirilib.

Məlumatı paylaş

Yeniliklərdən xəbərdar ol