
Şuşa Qlobal Media Forumunda jurnalistlərin təhlükəsizlik məsələləri müzakirə edilib
Şuşa Qlobal Media Forum çərçivəsində keçirilən üçüncü sessiya jurnalistlərin təhlükəsizlik məsələlərinə həsr olunub. TRT World-un aparıcısı Reagan Des Vignes-in moderator olduğu panel müzakirədə Koreya Siyasi Elm Assosiasiyasının vitse-prezidenti, HK+ Milli Strategiyalar Araşdırma Layihəsi Agentliyinin müdir müavini, Hankuk Xarici Tədqiqatlar Universitetinin professoru Gi Woong Jung, Azərbaycan Milli Məclisinin deputatı Nigar Arpadarai, AGEPRESS - Rumıniyanın Milli İnformasiya Agentliyinin Baş direktoru Claudia-Victoria Nicolae və AZƏRTAC İnformasiya Agentliyini xüsusi müxbiri Vüqar Seyidov çıxış ediblər.
Panel müzakirə zamanı iştirakçılar jurnalistlərin peşə öhdəliklərini yerinə yetirmələri və cəmiyyətə xidmət etmələri üçün media nümayəndələrinin təhlükəsizliyinin təmin edilməsinin son dövrlərin əsas məsələlərindən olduğunu bildiriblər. Çıxışçılar bu məqsədlə jurnalistlərin təhlükəsizliyinin qorunması ilə bağlı müxtəlif qabaqcıl və uğurlu strategiyaların araşdırılmasının və hazırlanmasının, zəruri avadanlıqlarla təmin edilmələrinin vacibliyini vurğulayıb, sağlam informasiya mühitinin əsas şərtləri, böhran vəziyyətlərində, habelə gözlənilməyən və ya proqnozlaşdırılması mürəkkəb olan fors-major hadisələr zamanı ictimaiyyəti məlumatlandırma mexanizmləri barədə fikir mübadiləsi aparıblar.













