Müsabiqələr

Onlayn media subyektlərinə (veb-saytlara) dəstək layihəsi üzrə müsabiqə

Onlayn media subyektlərinə (veb-saytlara) dəstək layihəsi üzrə müsabiqə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi, onlayn media subyektlərinə (veb-saytlara) maliyyə yardımının göstərilməsi, ümumilikdə medianın inkişafının təşviq edilməsi məqsədilə dövri olaraq təşkil edilir.
01Əsas anlayışlar

Qaydaların məqsədi üçün aşağıdakı anlayışlardan istifadə edilir: 

  • onlayn media – audiovizual media və çap mediası istisna olmaqla mətn, audio, vizual və ya digər elektron (rəqəmsal) formada olan kütləvi informasiyanı veb-saytda yayımlayan media;
  •  “google analytics” hesabı – veb-saytda real vaxt statistikası ilə istifadəçinin qarşılıqlı təhlilini təmin edən veb-analitika tətbiqi; 
  •  ümumi səhifə baxışları (pageviews) – müəyyən edilmiş müddət ərzində vebsaytın səhifələrinə baxışın ümumi sayı; 
  •  ümumi daxilolma (traffic) – müəyyən edilmiş müddət ərzində veb-sayta daxilolmaların ümumi sayı; 
  •  ziyarətçi əldə etmə göstəricisi (acquisition) – ziyarətçilərin veb-sayta haradan gəldiyini (axtarış motorları, sosial şəbəkələr və ya veb-sayt yönləndirmələri vasitəsi ilə) müəyyən etməyə imkan verən göstərici; 
  •  təbii (organic) ziyarətçi sayı – heç bir kənar təsirlər və reklam vasitələri istifadə edilmədən veb-sayta birbaşa daxilolmaların sayı; 
  • ödənişli (paid) ziyarətçi sayı – reklamlar vasitəsi ilə veb-sayta daxilolmaların sayı; 
  • metrix – istifadəçi davranışının statistik datasını toplayan, xəbər trendlərini müəyyənləşdirən və reytinq sıralamasını formalaşdıran veb-təhlil aləti; 
  •  mənbə kodu – proqramçı tərəfindən proqramlaşdırma dilindən istifadə edilməklə yazılmış təlimatlar və ifadələr toplusu.
02İştirak şərtləri

Müsabiqəyə ictimai-siyasi və idman məzmunlu kütləvi informasiya dərc edən onlayn media subyektləri (veb-saytlar) müraciət edə bilərlər. İctimai-siyasi və idman məzmunlu kütləvi informasiya dərc edən onlayn media subyektləri (veb-saytlar) arasında müsabiqə ayrı-ayrılıqda Qaydalara uyğun olaraq keçirilir.

Müsabiqədə iştirak üçün:

  • onlayn media subyektinin (veb-saytın) işçilərinin əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdikləri yer (ofis sahəsi) olmalıdır;
  • öz əmək funksiyasını səmərəli və faydalı yerinə yetirməsi üçün onlayn media subyektinin (veb-saytın) işçilərinin əmək şəraiti minimum tələblərə (kompüter, ofis ləvazimatları və s.) cavab verməlidir;
  • onlayn media subyekti (veb-sayt) yenidən təşkil (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə), müflis olma, ləğv edilmə prosesində olmamalıdır;
  • Media Reyestrinə daxil edilmiş olmalıdır;
  • bir nəfər məsul redaktor, bir nəfər jurnalist, bir nəfər texniki işçi yaxud bir nəfər məsul redaktor, iki nəfər jurnalist olmaqla ən azı üç nəfərdən ibarət heyəti olmalıdır;
  • hər ay 20 (iyirmi) gün ərzində gündəlik ən azı 20 (iyirmi) kütləvi informasiya dərc etməlidir (dövlət orqanları (qurumları) tərəfindən yayılan rəsmi məlumatlar (press-relizlər) və informasiya agentliklərinin informasiyaları istisna olmaqla);
  • onlayn media subyekti (veb-sayt) “metrix” veb-təhlil alətinin skriptini vebsaytın mənbə kodunda yerləşdirmiş olmalıdır.

 

03Müraciət üçün tələb olunan sənədlər
  • onlayn media subyektinin (veb-saytın) məsul redaktorunun və ya təsisçisinin ərizəsi (bütün bəndləri doldurulmuş və imzalanmış olmalıdır) (əlavə olunur);
  • Media Reyestri şəhadətnaməsi;
  • hüquqi şəxs olduqda onlayn media subyektinin (veb-saytın) nizamnaməsi;
  • onlayn media subyektinin (veb-saytın) müvəkkil bankın möhürü və səlahiyyətli şəxsinin imzası ilə təsdiq edilmiş aktiv bank hesabı üzrə rekvizitlərini əks etdirən sənəd;
  • fəaliyyət göstərdiyi ofis sahəsinin onun istifadəsində olmasını təsdiq edən sənədin surəti;
  • veb-saytının google analytics hesabına yazılı giriş icazəsi;
  • bir nəfər məsul redaktor, bir nəfər jurnalist, bir nəfər texniki işçi yaxud bir nəfər məsul redaktor, iki nəfər jurnalist olmaqla ən azı üç nəfərdən ibarət heyətin  çap olunma tarixi Müsabiqəyə müraciətdən ən geci 7 (yeddi) gün əvvələ qədərki dövrə aid olan əmək müqaviləsi bildirişləri.

 

05Qiymətləndirmə

Qiymətləndirmə əsas ümumi domen üzərindən və onlayn media subyektinin (veb-saytın) Müsabiqəyə müraciət etdiyi günədək son 3 (üç) aylıq dövr ərzində ən yuxarı göstəricili 2 (iki) məqaləsi, həmçinin veb-saytın dizaynı üzrə aparılır. Onlayn media subyektinin (veb-saytın) məqalələri və veb-saytın dizaynı üç fərqli ekspert tərəfindən fərdi qaydada qiymətləndirilir və hər biri barədə yazılı rəylər verilir.

06Maliyyə yardımının göstərilməsi
  • Agentlik tərəfindən maliyyələşdirilən onlayn media subyektlərinin (veb-saytların) hər birinə aylıq 3000 (üç min) manat məbləğində maliyyə yardımı göstərilir;
  • ictimai-siyasi məzmunlu kütləvi informasiya dərc edən onlayn media subyektləri (veb-saytlar) Agentlik tərəfindən maliyyələşdirilən dövr ərzində həftədə bir dəfə Qaydalarda göstərilən sahələrdən hər hansı bir üzrə hazırlanan materialın dərc olunmasını təmin edirlər;
  • idman məzmunlu informasiya dərc edən onlayn media subyektləri (veb-saytlar) isə Agentlik tərəfindən maliyyələşdirilən dövr ərzində həftədə bir dəfə “uşaq və gənclərin fiziki və mənəvi inkişafı” sahəsi üzrə hazırlanan materialın dərc olunmasını təmin edirlər.

 

07Maliyyə yardımından istifadə
  • maliyyə yardımı göstərilən dövr ərzində onlayn media subyektinin (veb-saytın) müvafiq sayda işçilərinin hər birinin əməkhaqqının minimum məbləği 600 manat təşkil etməli, maliyyə yardımının digər hissəsi isə veb-saytın infrastrukturunun gücləndirilməsi, dil imkanlarının genişləndirilməsi, təhlükəsizliyinin təmin edilməsi və rəqəmsal keyfiyyətinin artırılmasına yönəldilməlidir;
  • maliyyə yardımının göstərilməsinə dair müqavilə imzalamış onlayn media subyekti (veb-sayt) həmin müqavilənin qüvvədə olduğu müddət ərzində hər ayın sonu müvafiq maliyyə vəsaitinin hansı istiqamətlərə xərcləndiyini təsdiq edən sənədləri Agentliyə təqdim edir.

 

Müsabiqə QaydalarıOnlayn media subyektinin (veb-saytın) məsul redaktorunun və ya təsisçisinin ərizəsiMüraciət et

Yeniliklərdən xəbərdar ol