Yeni media təhsilinə doğru!
Media sahəsində innovasiya və inkişaf yönümlü fəaliyyətin davamlılığının təmin edilməsi, təhsil prosesində ənənəvi medianın rəqəmsal mediaya inteqrasiyasının dəstəklənməsi, texnoloji transformasiya zəncirinin əsas halqalarından olan insan resurslarının inkişafı üçün müvafiq sahədə kadr potensialının artırılması, rəqəmsal media bacarıqlarının təkmilləşdirilməsi üçün gənclərə əlverişli mühitin yaradılması və müasir media çağırışlarına uyğun yeni ideyaların formalaşdırılmasına kömək məqsədilə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin təşkilatçılığı və 4 ali təhsil müəssisəsinin - Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti və Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tərəfdaşlığı ilə “MEDİAlab” layihəsi həyata keçirilir.
Layihə gənclərin öz potensiallarını kəşf etmələri və media sahəsində mövcud tendensiyalara uyğun rəqəmsal media bacarıqlarını inkişaf etdirmələri üçün maarifləndirmə və bacarıqların inkişafını əhatə edən 2 komponentdən ibarətdir.
Layihə çərçivəsində gənclərin rəqəmsal media mühitinin tələblərinə uyğun nəzəri biliklərinin təkmilləşdirilməsi üçün seminar, təlim və şəbəkələşmə tədbirlərinin, həmçinin media sahəsində innovasiya, texnologiya, rəqəmsallaşma istiqamətində gənclərdə praktik bacarıqların inkişaf etdirilməsi üçün müxtəlif layihə, proqram və müsabiqələrin təşkili nəzərdə tutulur.